Ölkə 20:19 14.05.2013

TQDK-dan xəbərdarlıq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şəhər (rayon) Təhsil şöbələrinin rəhbərlərinə müraciət edib.

TQDK-dan verilən məlumata görə, ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən, buraxılış imtahanında “2” qiymət(lər)i alan, və ya eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şəxslərlə bağlı aşağıda göstərilən tədbirlər qeyd olunan tarixlərdə həyata keçirilməlidir:


I) 2013-ci il may ayının 15-dən 25-dək təhsil müəssisələrində bu şəxslərin qeydiyyatı aparılır və ilkin məlumatları “Şagird-məzun” sisteminə daxil edilir.

II) 2013-ci il may ayının 27-dən iyun ayının 8-dək təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən bu şəxslərin biliyinin qiymətləndirilməsi aparılır*.

III) 2013-ci il iyun ayının 10-dan 15-dək təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etməyə buraxılması haqqında qərar qəbul edilmiş şəxslər haqqında məlumatlar aşağıdakı qaydada “Şagird-məzun” bazasına daxil edilir:

- Ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayanlar üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri, o cümlədən illik qiymət(lər)i “2” olan fənlər göstərilməklə, və bu fənlər üzrə xüsusi komissiyanın qiyməti;

- Ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyənlər üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri. Bu şəxslərin bilik və bacarıqları xüsusi komissiya tərəfindən yoxlanmır.

- Ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, buraxılış imtahanında hər hansı fəndən “2” qiyməti alanlar üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri, buraxılış imtahanının qiymətləri, o cümlədən “2” qiyməti aldığı fən(lər) göstərilməklə, və bu fən(lər) üzrə xüsusi komissiyanın qiymət(lər)i (ana dili və (və ya) riyaziyyat fənləri istisna olmaqla). Buraxılış imtahanında yalnız ana dili və (və ya) riyaziyyat fənlərindən “2” qiyməti alan şəxslərin bilik və bacarıqları xüsusi komissiya tərəfindən yoxlanmır, onlar haqqında məlumat həmçinin iyun ayının 15-dək bazaya daxil edilir.

- Eksternat qaydasında bu il attestasiyada iştirak edənlər üçün: attestasiya aparılan bütün fənlər üzrə xüsusi komissiyanın qiymətləri.

Xüsusi komissiyanın şəxsin bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etməyə buraxılması haqqında qərarı (komissiyadan aldığı qiymətlər göstərilməklə) təhsil müəssisəsində saxlanılır.

Qaynar.info