Sənət 11:47 24.12.2018

2018-ci ildə itirdiyimiz tanınmışlar (SİYAHI)

Daha bir il tarixə qovuşmaqdadır. Zəngin, eləcə də, acılı-şirinli hadisələrlə yadda qalan 2018-ci ilin başa çatmasına sayılı günlər qalıb.

Bir dövlət və bir xalq olaraq bu il qazandıqlarımız çox oldu, itirdiklərimiz də az olmadı. Xüsusilə mədəniyyət, incəsənət, bir sözlə, sənət aləmində yerləri heç zaman doldurulmaycaq böyük itkilərimiz oldu.

Belə ki, 2018-ci il bir neçə Xalq artistimizin, korifeylərimizin, tanınmış sənət adamlarının dünyasını dəyişmələri, bizləri tərk etmələri ilə "yadda” qaldı.

ZƏR-Nigar...



2018-ci ildə itirdiyimiz ilk məşhur, tanınmış sənət adamı, korifey aktrisa, Azərbaycan səhnəsinin Zərnigarı, Xalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyeva oldu. Xuraman, Tatyana, Dilbər, Fəxrəndə xanım, Pəri xanım, Kərbəlayi Fatma və digər bir-birindən fərqli və gözəl obrazlar yaradan aktrisa bu ilin fevral ayının 6-da, 72 yaşında dünyasını dəyişdi.

Qeyd edək ki, tanınmış aktrisa uzun müddət idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi. Həm də son illərini tənhalıqda keçirmiş, özünü ətraf mühitindən təcrid etmişdi. Elə bu səbəbdəndir ki, onun cəsədini yaşadığı mənzildə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin  xilasetmə qüvvələri aşkar etmişdi. O, 9 fevral 2018-ci ildə doğulub, boya-başa çatdığı Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırıldı.

"Dərdin alım", "Heyfim gəldi”...



2018-ci ildə itkisinə çox üzüldüyümüz mədəniyyət, incəsənət xadimlərindən biri tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbərdir. Belə ki, 2017-ci ilin noyabr ayından beyin insultundan əziyyət çəkən 72 yaşlı bəstəkar bu ilin mart ayının 2-də dünyasını dəyişdi. O, Qurd Qapısı məzarlığında dəfn olundu.

Qeyd edək ki, bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən, "Dərdin alım", "Heç küsməyin yeridirmi?", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır", "Xəzəllərin rəqsi" və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub.

Nəsimi, Üzeyirbəy Hacıbəyli, Bülbül, Şopen...



Bu il dünyasını dəyişən məşhurlarımız, tanınmış mədəniyyət, incəsənət xadimlərimiz arasında Xalq rəssamı, heykəltəraş Tokay Məmmədov da var. 91 yaşlı heykəltəraş bu il may ayının 2-də dünyasını dəyişdi.

Qeyd edək ki, onun məşhur əsərləri arasında Azərbaycanda opera janrının əsasını qoymuş böyük bəstəkar və mütəfəkkirimiz Üzeyir Hacıbəyli, Xalq rəssamı Rüstəm Mustafayev, qadın rəssamı Vəcihə Səmədova, polyak bəstəkarı Frederik Şopen, Avstriya bəstəkarı V.A.Motsart kimi dahilərin büst portretlərini, böyük şairimiz İmadəddin Nəsiminin heykəlini, Azərbaycanın ilk peşəkar vokal sənətinin banisi Bülbülün qəbirüstü abidəsini qeyd etmək olar.

Səhnəmizin Qacarı, Zauru...



Zaur, Ağa Məhəmməd Şah Qacar və digər obrazları ilə ürəkləri fəth edən, özünə qəlblərdə hələ sağ olarkən heykəl ucaltmağı bacaran böyük sənətkarımız, Xalq artisti Fuad Poladov bu il vəfat etmiş sənətkarlarımızdandır. Azərbaycan kino və teatr sahəsində sözünü demiş, 50-dən çox tamaşa və filmdə bir-birindən gözəl obrazlar yaratmış Fuad Poladov uzun və ağır sürən xəstəlikdən sonra - may ayının 7-də, 70 yaşında Haqq dünyasına qovuşdu.

Aşıq Xanlar Məhərrəmovun yadigarı...



Mayın 12-də Azərbaycanın aşıq sənəti növbəti itkisini yaşadı. Belə ki, qaraciyər çatışmazlığından əziyyət çəkən Aşıq Azər Xanlaroğlu həmin gün xəstəxanada gözlərini birdəfəlik yumdu. Qeyd edək ki, Aşıq Azər tanınmış aşıq və dünyasını tez dəyişmiş Xanlar Məhərrəmovun oğludur.

Azərbaycanın Xəyyamı...



Bundan cəmi iki ay sonra, iyul ayının 30-da Azərbaycan mədəniyyəti, Azərbaycan xalqı daha bir ağır itki ilə üzləşdi. Xalq artisti, Əməkdar incəsənət xadimi, böyük bəstəkar Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra iyul ayında vəfat etdi. 

Qeyd edək ki, 83 yaşlı Xalq artisti 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, elə həmin ildən orada çalışmış, 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olmuşdu. Həmçinin, 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdi.

"Babək”, "Tehran-43”...



Bu il itirdiyimiz tanınmış sənət xadimləri arasında əslən Dağıstandan olan Xalq artisti, Prezident təqaüdçüsü, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev də var. Tanınmış sənətçi cari ilin mart ayının 27-də, 69 yaşında dünyasını dəyişdi.

Xatırladaq ki, Y.Baliyev "Ovsunçu”, "Babək”,  "Tehran-43” və sair məşhur filmlərdə maraqlı, yaddaqalan obrazlar yaratmışdı.

Repin "Nağılbaz”ı



Tanınmış reper Anar Nağılbaz da bu il dünyasını dəyişdi. O, avqustun 4-də, 44 yaşında həyatla vidalaşdı.

Anar 1991-ci ildə "Aysel” miniatür teatr studiyasını yaratmış, 1990-1992-ci illərdə "Kirpi” jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan” qəzetinin müxbiri işləmişdi.

Qeyd edək ki, tanınmış reper eks-deputat Rizvan Cəbiyevin oğludur.

Eldən gedən sənətkar...



Daha çox el sənətkarı kimi məşhurlaşan və Aşıq Qurbanxanın nəvəsi kimi tanınan Əməkdar artist və Əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov isə bu ilin avqust ayının 1-də dünyasını dəyişdi. 68 yaşlı sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi. Tanınmış sənətçi Salyan rayonun Noxudlu kənd qəbiristanlığında dəfn olundu.

Səhnəmizin Natəvanı, Tomrisi, Təhminəsi



Noyabr ayında Azərbaycan mədəniyyəti, Azərbaycan sənət dünyası daha bir ağır və acı zərbəsini aldı. 73 yaşlı korifey sənətkar, Xalq artisti Amaliya Pənahova noyabrın 8-də qəfil dünyasını dəyişdi. Yalnız vəfatından sonra onun qəfil ölümünün səbəbi məlum oldu, böyük sənətkar xeyli müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, tanınmış aktrisa 90-cı illərin əvvəllərində 30 ilə yaxın fəaliyyət göstərdiyi, bir-birindən gözəl, yaddaqalan, sevilən obrazlar yaratdığı "Azdrama”dan birdəfəlik ayrılaraq, 1992-ci özünün ayrıca teatrını, Bakı Bələdiyyə Teatrını yaratmışdı. Həmin teatrda çalışanlar arasında Məhluqə Sadıxova, Sofa Bəsirzadə, Muxtar Avşarov kimi nəhənglər də vardı. Hazırda onlar da haqq dünyasındadırlar.

Onu da qeyd edək ki, 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq rolda, daha çox da baş rollarda yer almış tanınmış sənətkarın yaratdığı obrazlar arasında Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza, Şahnaz, Təhminə kimi rolları xüsusilə qeyd etmək olar.

Prezident təqaüdçüsü olan aktrisa 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuşdu.

Mistik musiqi qrupunun ilk qurucusu



Bu il noyabrın 19-u gecə saatlarında isə tanınmış aktyor və müğənni Novruz Novruzlu dünyasını dəyişdi. Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun peşəkar səviyyədə ilk qurucusudur. O, Akademik Opera və Balet Teatrında işləyirdi. N.Novruzlu həm də "Savalan” qrupunu yaratmışdı və onun bədii rəhbəri idi.
 
Mənbə: oxu.az