Sağlamlıq 16:21 09.02.2018

Orqan alqı-satqısına icazə verilsə, nə baş verə bilər? (ŞƏRH)

Milli Məclisin Səhiyyə komitəsinin "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov orqanların alqı-satqısı ilə bağlı məhdudiyyətin qanunvericilikdən götürülməsini təklif edib.
 
Təklifi Qaynarinfo-ya şərh edən hüquqşünas Cavid Qurbanlı da bunun vətəndaşların xeyrinə olacağını bildirib. O, vətəndaşlarımızın adi bir transplantasiyalar üçün belə məcbur qalıb xarici ölkələrə getdiklərini və bunu da baha qiymətə başa gəldiyini deyib:

"Məhdudiyyətin götürülməsi tam nəzarətsizlik demək deyil. Məhdudiyyət götürülsə belə, müvafiq orqanlar buna nəzarət edə biləcək. Məsələn, bu, Səhiyyə Nazirliyinin hansısa qurumuna həvalə edilsə, onun nəzarəti altında olan transplantasiyalar qanunsuz hesab edilməyəcək. Sözügedən təklif qəbul edilsə, bu, vətəndaşların xeyrinə olar. Vətəndaşlarımız onsuz da bunun üçün xarici ölkələrə getmək məcburiyyətində qalırlar. Mən yaxın bir tanışı ilə burada əməliyyat oluna bilməyən şəxsin gedib Belarusda əməliyyat olunduğunun şahidi olmuşam. Bu çox baha başa gəlir, amma Azərbaycanda buna icazə verilsə, vətəndaşlarımız üçün transplantasiyalar daha ucuz başa gələr. Digər hallarda ölən şəxsin orqanlarının ehtiyacı olanlara verilməsi də yaxşı hal olardı. Bu, dünya təcrübəsində geniş yayılıb. Əvvəllər dövlətin nəzarət strukturlarının zəif olması ilə əlaqədar qanunvericilikdə buna məhdudiyyət qoyulmuşdu. Amma hazırda dövlətin qanunvericilik bazası möhkəmdir və dövlət qurumları da nəzarəti tam şəkildə həyata keçirə bilir. Bu məhdudiyyət götürülsə, anarxiya olmayacaq, sadəcə müvafiq qurumların nəzarəti altında transplantasiyalar rahat şəkildə həyata keçiriləcək. Həmçinin, məhdudiyyətin götürülməsində qanunsuz orqan alqı-satqısından söhbət getmir. Qanunsuz orqan alqı-satqısı ilə məşğul olanlar yenə də məsuliyyətə cəlb olunacaqlar".
 
Çingiz Səfərli