İdman 22:53 15.08.2019

"Neftçi” Avroliqada mübarizəni dayandırdı

"Neftçi” Avropa Liqasında növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsarildə "Bney Yehuda”nın qonağı olub. Bu komandalar arasında avqustun 8-də Bakıda keçirilən ilk qarşılaşmada heç-heçə qeydə alınmışdı - 2:2. Bu səbəbdən "Neftçi" mərhələ adlamaq üçün qələbə qazanmalı və ya 2:2-dən daha böyük hesablı heç-heçə etməli idi.

Lakin "ağ-qaralar" bu vəzifənin öhdəsindən gələ bilməyib. Oyunda hesab 15-ci dəqiqədə açılıb. Dor Jan fərqlənərək meydan sahiblərini sevindirib. 66-cı dəqiqədə Tambi Saqas fərqi artırıb. Əlavə vaxtda isə Emin Mahmudoov "ağ-qaralar"ın təsəlli qolunu vurub. Beləliklə, 1:2 hesabı ilə uduzan "Neftçi" üçün bu mövsüm Avropa macərası başa çatıb.

Qeyd edək ki, "Bney Yehuda” Avropa Liqasının pley-off mərhələsində "Malmö” ilə qarşılaşacaq. İsveç təmsilçisi III təsnifat mərhələsində "Zrinski”ni (Bosniya və Herseqovina) mübarizədən kənarlaşdırıb (3:0, 0:1).

Onu da qeyd edək ki, "Neftçi" bu mövsüm Avropa Liqasında Moldovanın "Sperantsa" və Rusiyanın "Arsenal" klublarını mübarizədən kənarlaşdırıb.
 
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

15 avqust
Bney Yehuda (İsrail) - Neftçi (Azərbaycan) 2:1
Qollar: Dor Jan, 15. Tambi Saqas, 66 - Emin Mahmudov, 90+3.
Bney Yehuda: 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor (77. Şemor Tsaadon, 74), 9. Dor Jan (23. Ben Şimoni, 88), 11. Məhəmməd Qadir (15. Ariel Lazmi, 78), 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi.
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 2. Dor Elo, 7. Dor Koçav, 26. Roey Ben Şimon.
Baş məşqçi: Yosef Abuksis.
Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Federiko (11. Vangelis Platellas, 81), 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov (9. Baqali Dabo, 63), 28. Stiven Monroz, 36. Mamadu Kane (17. Rəhman Hacıyev, 46), 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 18. Tural Axundov.
Baş məşqçi: Roberto Bordin.
Sarı vərəqə: Soni Mustivar, 18.
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alesio Tolfo, Fabritsio Paskua (İtaliya).
Hakim-inspektor: Stefan Lannoy (Fransa).
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya).
Petah Tikva. "Ha Moshava” stadionu.