Ölkə 14:11 07.03.2020

XİN: "Əsgərimiz ermənilərin açdığı atəş nəticəsində qətlə yetirilib" (YENİLƏNİB)

"Martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib".

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. 

"Bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır. Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq.

Allah şəhidimizə rəhmət eləsin", - nazirlikdən bildirilib. 
 
11.27

Bu gün saat 05:40 radələrində "Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax Müalicə-Diaqnostika Mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.