İdman 11:07 04.02.2022

Nazirdən yeni təyinat

Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinin direktoru dəyişib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, uzun müddətdir direktor işləyən Rasim Muradov vəzifəsindən çıxarılıb.

Onun əvəzinə gənclər və idman naziri Fərid Qayıbov tərəfindən bu vəzifəyə Müşviq Məmmədov təyin olunub. İxtisasca inşaatçı olan M.Məmmədov 3 ay müddətinə sınaq kimi direktor vəzifəsini icra edəcək.

Qeyd edək ki, Respublika Olimpiya İdman Liseyi 1963-cü ildə yaradılıb. 1989-cu ilədək keçmiş Maarif Nazirliyinin (indiki Təhsil Nazirliyi) balansında olan təhsil ocağı əvvəl internat tipli olub. Əvvəlki adı Respublika Olimpiya Ehtiyat Məktəbi olan qurum Nazirlər Kabinetinin qərarına əsasən 2000-ci ildən Respublika Olimpiya İdman Liseyi adlandırılmağa başlanıb.

Güləşçilər – Kamandar Məcidov, Xəzər İsayev, Cəbrayıl Həsənov, Vüqar Orucov, Həsən Əliyev, Vitali Rəhimov, qılıncoynadan Boris Koretski, cüdoçular – Nazim Hüseynov, Elnur Məmmədli, idman gimnastı Valeri Belenki, MMA idmançısı Heydər Məmmədəliyev və başqaları bu məktəbin yetirməsi olub. Yunan-Roma güləşi üzrə Avropa çempionu və ikiqat dünya mükafatçısı Vitali Rəhimov hazırda liseydə direktor müavinidir.