Foto 15:07 27.05.2018

210 məcburi köçkün ailəsi təhlükədə: bina hər an uça bilər (FOTOLAR)

Bakı Neft-Energetika kollecinin yataqxanasında məskunlaşan 210 məcburi köçkün ailəsi çətin vəziyyətdə qalıb. Çünki binanın zirzəmisi kanalizasiya suyu ilə dolduğu üçün uçma təhlükəsi ilə üz-üzə qalıb. Binada məskunlaşan məcburi köçkünlər bildirdilər ki, iki ildir müvafiq qurumlara müraciət edirlər. Lakin hər dəfə gələn nümayəndələr binanın bir yerini sementləyib gedirlər.

Qaynarinfo xəbər verir ki, musavat.com-un əməkdaşı olaraq sakinlərin dəvəti ilə yataqxana ərazisində olub, vəziyyətləri ilə maraqlandıq. Müşahidə etdik ki, həqiqətən də binanın zirzəmisinə yaxın durmaq mümkün deyil. Qapı açılan kimi insana hücum çəkən nəmişlik böcəkləri ilə bərabər pis qoxu da ətrafa yayılır.

Məcburi köçkünlər bildirdilər ki, binanın bünövrəsi yeyilib, tikilini saxlayan sadəcə olaraq bir neçə sütun və armaturlardır. Binanın çöl hissəsindən qəzalı vəziyyətdə olduğu elə də hiss olunmur. Yalnız tikilinin aşağı hissələrinin aşınmaya məruz qaldığı görünür. Sakinlər ötən aylarda Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nümayəndələrinin gəlib, kosmetik təmir apardıqları yerləri də göstərdilər. Bildirdilər ki, binanın divarları qabarmışdı, yüngül təmir işləri aparıb, qarşısını aldılar.

Digər yataqxanalarda olduğu kimi burada da məcburi köçkünlər əsasən 1 otaqda məskunlaşmağa məcbur qalıblar. Bəziləri binanın həyətində bir-iki otaqlı kiçik evlər tikib, orada qalırlar. Füzuli rayonundan məcburi köçkün Sevinc Ağayeva bildirdi: "25 ildir ki, burada məskunlaşmışıq. Yəni gələndə uşaqlar balaca olduğu üçün bir otaqda qala bilirdik. Hazırda isə hər kəsin uşağı böyüyüb. Nə qədər demək olar ki, ata, üzünü o tərəfə çevir paltarımı dəyişim. Ona görə də camaat məcbur qalıb, binanın həyətində bir-iki otaqlı evlər tikiblər. Onu da tikənə qədər başımıza oyun gəldi. Əvvəlcə imkan vermədilər, sonra gördülər ki, camaat yataqxanada qala bilmir bir söz demədilər".

Məcburi köçkün Məzahir Allahverdiyevin də ailəsi oxşar fikirlər səsləndirdi: "Bu yataqxanada qalmaq mümkün deyil. Əvvəla ona görə ki, bina uçma təhlükəsi ilə üz-üzədir. İkincisi də bir otaqda necə yaşayaq? Tutalım uşaqlarımızı evləndirdik, harada qalacaqlar? İnanın ki, illərdir burada hamımız paltarlı yatırıq. Nə edək? Bir otaqda qadını var, kişisi var. Çox çətin vəziyyətdə yaşayırıq".

Binada məskunlaşan Elçin Ağayev və Esmira Ağayevanın da vəziyyətləri yaxşı deyil. Ümumilikdə digər yataqxanalarda olduğu kimi, burada hər kəs çətin şəraitdə yaşayır. Binanın təmiri məsələsinə gəlincə isə, sakinlər bildirdilər ki, bura Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, baxış keçiriblər. Bildiriblər ki, bina qəzalı vəziyyətdədir. Daha sonra müxtəlif özəl şirkətlər tərəfindən binanın içərisi müəyyən qədər təmir olunub. Lakin bina tam şəkildə heç zaman təmir edilməyib. Ona görə də içəridə koridorlar nisbətən təmirli görünsə də, sakinlər bildirdilər ki, eyvana çıxmağa qorxurlar: "Divarlar boyalı olsa da hər an uça bilər. Eyvana çıxmağa qorxuruq. Azca ayaq qoyan kimi səslər gəlir, az qalır ki, uçsun".

Binanin komunal xətləri də bərbad vəziyyətdədir. Kim necə haradan gəldi, su xətti çəkib. İşıq xətləri isə çox köhnədir. Məcburi köçkünlər  bildirdilər ki, tez-tez işıq xətlərində problem olur. Bina qazla da təmin olunub. Lakin məcburi köçkünlərin sözlərinə görə, qış aylarında qazları çox zəif olur. Yalnız yay ayında qazdan istifadə edə bilirlər. Su xəttinə gəlincə isə yuxarı mərtəbələrə su zəif gəlir. Yuxarı mərtəbələrdə yaşayanlardan  yalnız kimin nasosu varsa, o, sudan istifadə edə bilir. Digərləri isə birinci mərtəbədə olan su xəttindən qablara yuxarı su daşıyırlar.

Məcburi köçkünlər bildirdilər ki, onlar bu binaya yeni köçən zaman bir kilometrə yaxın məsafədən su daşıyıblar: "Həmin zaman binaya su gəlmirdi. O vaxtkı günümüzlə müqayisədə, indi su sarıdan vəziyyətimiz yaxşıdır. Ancaq həmin vaxt da elə bu binanin zirzəmisi suyun içərisində olurdu. Camaat içməyə su tapmırdı, zirzəmi dolu idi su ilə. O vaxtdan bəri bu sular binanın bünövrəsini pis günə qoyub".

Onu da qeyd edək ki, ölkədə qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünləri köçürülməsi istiqamətində işlər sürətlənib. Belə ki, ötən həftə yayılan rəsmi məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 149 qəzalı obyektdə 8701 ailə, 32743 məcburi köçkün məskunlaşıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 149 qəzalı obyektin 57-də məskunlaşan məcburi köçkünlərin dərhal köçürülməsinə dair Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki rəy verilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsinin icrası çərçivəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Energetika” pansionatından 179 ailə, Xətai rayonu Gəncə prospekti 20A ünvanında yerləşən ”Bakı kondisionerleri” Birliyinin yarımçıq binasından 126 ailə, Sumqayıt şəhəri Sarıqaya qəsəbəsi, Şəfəq sanatoriyasından 92 ailə, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi yardım stansiyasının yarımçıq binasından 513 ailə, ümumilikdə 4 obyektdən 910 ailə - 3822 nəfər məcburi köçkün yaşayış üçün hər cür zəruri şəraiti olan mənzillərə köçürülüb.

Eyni zamanda Xətai rayonu, K.Kərimov küçəsi 15 ünvanında yerləşən binadan 27 ailə - 103 nəfər, Nizami rayonu, Babək prospekti 87 ünvanında yerləşən yataqxanadan 26 ailə - 109 nəfər kompensasiya ödənilərək köçürülüb.