Bu gün ölkəmizdə Milli Mətbuat Günü qeyd olunur. “Əkinçi”nin yaranmasından artıq 142 il ötür. Həsən bəy Zərdabinin başlatdığı bu müqəddəs yolda "Ziya", "Kəşkül", “Həyat”, “Şərqi-rus”, “İrşad”, “Kaspi” və neçə-neçə mətbu orqan fəaliyyət göstərib, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Əhməd bəy Ağaoğlu kimi dahilər bu sənətdə yetişib, var olublar. Onların iz qoyduğu mətbuat bu gün də yaşayır və artıq öz sərhədlərini bir qədər də genişləndirib. Əvvəllər təkcə çap mediası var idisə, indi televiziya kanalları, radio FM-lər, xəbər portalları, bloqlar və s. yolla mətbuat ayaqda durmağa çalışır.
“Qaynarinfo”nun əməkdaşı Milli Mətbuat Günündə Azərbaycan mediasının tanınmış simaları ilə söhbətləşib. Onlar jurnalistikaya gəlişlərindən, ilk çalışdıqları mətbu orqandan, ilk yazılarından söz açıb, maraqlı təəssüratlarını bölüşüblər.
Bələdiyyə sədri dedi ki, jurnalistlərlə görüş həftənin 2-ci günləridir, o vaxt gəlib pullarını alıb gedirlər
Natiq Muxtarlı: “Bizim nəsil jurnalistikaya göydən zəmbillə düşənlərdən deyil. Dişlə, dırnaqla, vuruşa-vuruşa bu sənətə gəlmişik. Yadımdadı ki, hələ 90-cı illərin əvvəllərində Bakı Dövlət Universitetində oxuyarkən qrup daxilində “Dədə Qorqud” adlı qəzet buraxırdıq. Amma mənim ilk yazım “Avrasiya” qəzetində çıxmışdı. Bayağı mahnılarla bağlı bir yazı idi. Təsəvvür etməzsiniz ki, kiçik bir yazı mənim üçün nə qədər böyük bir anlam daşıyırdı. Ondan əvvəl isə səhv etmirəmsə “Azərbaycan gəncləri”, yoxsa “Gənclik” jurnalına bir yazı göndərmişdim. Həmin yazı dərc olunmamışdı, amma mənə cavab gəlmişdi. O cavabın da mənim üçün əhəmiyyəti böyük idi. Jurnalistikaya iman, güman yeri kimi baxırdıq. Pul haqqında düşünmürdük. Ondan sonra bəxtim gətirdi ki, bu sahədə istedadlı insanlarla bir yerdə işlədim. İlk peşəkar iş yerim “Ana vətən” qəzeti olub və onun baş redaktoru Salam Sarvan idi. Daha sonra Zahir Əzəmət, Ceyhun Musaoğlu, Elnur Aslanbəyli ilə birgə çalışmışam, o cümlədən idman mediasında da qarşıma peşəkar insanlar çıxıb. İlk idman yazım “Azərbaycan dəmiryolçusu” qəzetində çıxıb. Baş redaktoru tələbə yoldaşım Vasif Süleyman idi. İndiki jurnalistlər bizim jurnalistikaya gəlişimizin sevincini, dadını hiss etmirlər, bir-iki yazı yazmaqla, sanki jurnalist olmaq istəyirlər. Azərbaycanda mətbuatın durumu həqiqətən ağırdır, amma jurnalistlərimiz var ki, bu ağırlığa baxmayaraq, sözə xəyanət etmirlər, söz uğrunda vuruşurlar, haqqı, ədaləti deməyə çalışırlar. Onların haqqı verilməsə belə, yenə də əqidələrindən dönmürlər. Mən məhz həmin jurnalistlərin bayramını təbrik edirəm.
Yadımdadı ki, Azərbaycan - Macarıstan oyunu keçirilirdi. Həmin vaxtı akreditasiya olmadığından, jurnalistlər kütləvi surətdə içəri dolmuşdular. Jurnalistlərimizdən biri Macarıstan yığmasının baş məşqçisinə sual verdi ki, "Georgi Hacini bu oyunda niyə meydana buraxmadınız?” O da Rumıniya yığmasının futbolçusudur. Tərcüməçi sualı tərcümə etmək istəyirdi ki, hərəmiz bir tərəfdən biabır olmamaq üçün qışqırdıq ki, "tərcümə etmə”.
“Alma” qəzetində işlədiyim vaxt isə Xırdalan bələdiyyəsi ilə bağlı yazı yazmışdım. Bələdiyəni gəzib dolanandan sonra, bələdiyyə sədrinin mövqeyini öyrənmək üçün yaxınlaşdım. Səhv etmirəmsə həftənin 3-cü günü idi. Mənə qayıtdı ki, “get həftənin 2-ci günü gələrsən”. Təəccübləndim, dedim “nə üçün mən 1 həftə gözləməliyəm?” Dedi ki, jurnalistlərlə görüş ancaq həftənin 2-ci günləridir, o vaxt gəlib pullarını alıb gedirlər. Əsəbiləşdim, səsimin tonunu qaldıranda gördü ki, o dediyi jurnalistlərdən deyiləm, dedi ki, “Xahiş edirəm məni bağışla. Birinci dəfədir burada əlində diktafon və fotoaparatı olan jurnalistə rast gəlmişəm”.
Siyasi bəyənatlar yazaraq mətbuata gəldim
Etibar Cəbrayıloğlu: “Bayram günü deyəsən kövrəltmək istəyirsiniz (gülür). Biz mətbuata siyasi hadisələr fonunda gəldik. O dövr elə idi ki, hamı siyasi fəaliyyətlə, siyasi hərəkatlarla məşğul idi. Mən də siyasi bəyənatlar yazaraq mətbuata gəldim. İlk çalışdığım mətbu orqan o dövr Xalq Cəbhəsinin Lənkəran şöbəsinin qəzeti olan “Elin səsi” qəzeti olub. Körpələr evindən uşaqların dili ilə pulla, rüşvətlə bağlı səs-küy gətirən bir yazı yazmışdım. İlk yazım o olub. İndi də yazılarımda öz imzamı görəndə ilk yazımdakı həyəcanı, həmin hissləri keçirirəm”.
Səbuhi Məmmədli ilə bir baş redaktoru aldadaraq “Azadlıq” qəzetinin şriftini satmışıq
Nəsimi Şərəfxanlı: "İlk yazım 1994-cü ilin aprel ayında “Hürriyyət” qəzetində çıxıb. Yazının başlığı belə idi: “Şairin bir barmağın kəssən dönüb həqdən qaçar”. Həmin dövr yazarlarının bəzilərində iqtidara, hakimiyyətə meyillənmə, yarınma var idi. Yazı da bu məsələdən bəhs edirdi. Jurnalistikaya necə gəldim bilmirəm, bir də gözümü açdım ki, jurnalistikadayam. İlk işlədiyim mətbu orqan da elə “Hürriyyət” qəzeti olub. O vaxtlar 250 manat və 50 manat var idi. Bu indiki pulun dəyərində deyildi, demək olar ki, qəpik-quruş idi. İlk qonararım elə olub.
Bir dəfə “Elçi” qəzetində işləyərkən həmkarım, həm də dostum Zülfüqar Savaşla redaksiyaya eyni mövzuda hərəmiz bir köşə yazısı gətirmişdik. Hətta başlıqları da eyni idi. Həmin gün qəzetdə ikimizin də köşələri getdi. Başlıq da belə idi: “Ağ atlı oğlan gələcəkmi?”
Bir maraqlı hadisə isə Səbuhi Məmmədli ilə olub. Deməli bir gün özündən mənəm-mənəm deyən, yaxşı kompüterləri, ofisi olan baş redaktorun birini aldadaraq “Azadlıq” qəzetinin şriftini satmışıq. Dedik ki, bu xüsusi şriftdi, xaricdən gətirilib. Halbuki, həmin şrift onsuz da proqramların hamısında var idi (gülür)".
Atam istəyirdi ki, həkim olum, amma məndə belə bir istək yarandı ki, jurnalist olmalıyam
Azər Hüseynbala: “İlk yazım orta məktəbdə oxuyanda “Pioner” jurnalında dərc olunub. Atam hər zaman istəyirdi ki, həkim olum. Amma məndə belə bir istək yarandı ki, jurnalist olmalıyam. Ailəmin bütün təkidinə baxmayaraq bu sahəni seçdim. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. İlk iş yerim o dövrdə Təbiət Mühafizə Komitəsinin rəsmi orqanı olan “Fəryad” qəzeti olub. Baş redaktorum da İslam Sadıq idi. Çox istedadlı şair, ziyalıdır. Orada həm yüksək qonarar, həm də yüksək maaş alırdıq. Həmkarım, dostum Ehsan Zahidoğlu ilə birgə bir neçə ay orada işlədikdən sonra xərcliyimizdən əlavə 600-700 manat pulumuz qalmışdı. Bu o dövr üçün çox böyük məbləğ idi. Yadımdadı, birlikdə Xarkova gedib 10 gün istirahət etmişdik”.
3 "şirvan" qonorar aldım, ikisini anama verdim, biri ilə bir həftə dolandım
Vüsal Məmmədov: “1997-ci il idi. Tələbə idim. Çox kasıbçılıq idi. Fikirləşirdim ki, görəsən hansısa qəzetə yazı verərək qonorar ala bilərəm? Varisin baş redaktor olduğu “168-ci saat” qəzeti var idi. Yazımı apardım, bəyəndilər. Tələbə olsam da, keyfiyyətli yazı alınmışdı. Adı yadımda qalmayıb, amma dünyada piyada əleyhinə minaların qurbanlarından bəhs edirdi. Həmin yazıdan sonra mənə onlarla işləməyi təklif etdilər. İlk qororarım üç şirvan oldu. Bu, kasıb tələbə üçün fantastik bir məbləğ idi. Onun ikisini anama verdim, biri ilə bir həftə çox rahat şəkildə dolandım. Orada püxtələşəndən sonra “Ekspress” qəzetinə getdim. "Ekspress"də redaktor, baş redaktorun müavini oldum, daha sonra “Mərkəz” qəzetində, 2003-cü ildə “Lider” televiziyasında çalışdım. 2012-ci ildə isə “Azvision.Az”ı yaratdım”.
Çingiz Səfərli
Şərhlər