Foto 12:17 25.10.2019

30 hektardan 30 min manat götürdüm... - Cocuq Mərcanlıdan reportaj

Oktyabrın 24-də Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və "Moran Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə və Füzuli rayonunun Arayatılı kəndinə media-tur təşkil olunub. Media-turun keçirilməsində məqsəd əkinçiliklə məşğul olan Cocuq Mərcanlı kənd sakinlərinə mineral gübrələrin və sertifikatlı toxum məhsullarının pulsuz paylanılmasını müşahidə etmək, eləcə də qabaqcıl pambıqçılarla görüşmək idi.

EkoNews xəbər verir ki, media nümayəndələri əvvəl Cocuq Mərcanlıda keçirilən tədbiri izləmək məqsədilə kənddə olub. 

Tədbirdə Aqrolizinq ASC-nin, Moran Aqro MMC-nin, Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzinin və Füzuli Rayon İnkişaf Mərkəzinin nümayəndələri və Cocuq Mərcanlı kəndinin sakinləri iştirak edib.

Tədbirdə çıxış edən Aqrolizinq ASC-nin İdarə heyəti sədrinin müavini Ziya Vəliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi Cocuq Mərcanlı sakinlərinə hər zaman xüsusi diqqətlə yanaşıb, onların mineral gübrələrlə, toxumlarla təminatına böyük önəm verib. Bugünkü tədbir də məhz bu məqsədlə keçirilir. Yerli sakinlərə ödənişsiz gübrə və sertifikatlı toxum verilir. Bu ilin martında Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sakinlərə pulsuz gübrə paylanılıb. 72 vətəndaşa 24 ton ammonium nitrat və 16 ton ammofos olmaqla, 40 ton mineral gübrə verilib. Bu gün isə Aqrolizinq ASC və Moran Aqronun birgə dəstəyi ilə 51 ailəyə 13,6 ton ammofos gübrəsi paylanılacaq.

Tədbirdən sonra kənd sakinlərinə 13,6 ton mineral gübrə və 10 ton sertifikatlı toxum pulsuz paylanılıb.

Daha sonra kənd sakinləri ilə söhbət edərək, onların yaşayış şəraiti ilə maraqlanıb, bu tədbir haqqında fikirlərini öyrəndik.

Cocuq Mərcanlı kənd sakini Ülvin Təbrizli kənd alınandan burda yaşadığını, ona ayrılmış sahədə taxıl əkini və maldarlıqla məşğul olduğunu bildirdi. O, kənddə onlar üşün yaxşı şərait yaradıldığını, sərhəd zonası olmağına baxmayaraq, heç bir təhlükəli hal olmadığını bildirdi. Tədbirdə paylanılan sertifikatlı toxum və gübrədən pay alan kənd sakini bu şəraiti onlara yaradanlara təşəkkür etdi.

Cocuq Mərcanlı kəndinin digər sakini Sitarə Həsənova da onlara yaradılan şəraitdən razılıq edib. Bildirib ki, bu gün Cocuq Mərcanlı sakinlərinə yaşamaq, dolanmaq üçün hər cür yardımlar edilərək, dövlət tərfindən dəstək olunur. O, yaradılan şəraitə görə və bu işdə zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

Daha sonra jurnalistlərə açıqlama verən ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib: 

"Bildiyiniz kimi, Aqrolizinq ASC rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışını həyata keçirir. Fevral-may aylarında ilk səyyar satışdan 257 kənd üzrə 1643 vətəndaş yararlanıb, 11 min tona yaxın mineral gübrə satılıb. Sentyabrın 10-dan başlayan və oktyabrın 22-dək davam edən ikinci səyyar satış zamanı isə 338 kənd üzrə 3505 vətəndaşa xidmət göstərilib, 1991 tondan çox mineral gübrə satılıb. Hazırda bölgələrdə səyyar gübrə satışı davam edir”.

Şöbə müdiri onu da qeyd edib ki, səyyar satışın qayda və qiymətlərində dəyişiklik edilməyib. Vətəndaşlar yalnız tələb olunan sənədləri təqdim edərək 70 faiz güzəştlə mineral gübrə əldə edə bilərlər. 

Aytəkin Məmmədova onu da əlavə edib ki, səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir və insanlar elə yerlərdə bu terminallar vasitəsi ilə ödəniş edərək işlərini asanlaşdırır.

Daha sonra media nümayəndələri Füzuli rayonunun Arayatılı kəndində həmin ərazi və digər qonşu kəndlərdən gələn qabaqcıl fermerlərlə görüşüb, kənd ərazisində olan pambıq sahələrinə baş çəkiblər.

Rayonun qabaqcıl fermerlərindən biri Mirmürvət Abbasovdur. O, jurnalistlərlə söhbət zamanı bildirib ki, ötən il 30 hektarda, bu il isə 40 hektarda pambıq əkib: 

"Mən keçən il 30 hektardan 30 min manat gəlir görtürmüşdüm. Bu il, inşallah, gəlirim daha çox olacaq. Pambıqçılıq kənd sakinlərinin məşğulluğunun təmin olunmasında da böyük rol oynayır. Hətta qonşu kəndlərdən gəlib işləyənlər də var. Bütün bu işləri biz dövlətin qayğısı sayəsində görürük. Yəni dövlət bizə şərait yaratmasa, 40 hektarda pambıq əkib-becərə bilməzdim. Mən digər təsərüfat sahələri ilə məşğul olan biri kimi deyə bilərəm ki, ən gəlirli sahə pambıqdır”.

On hektar sahədə pambıq becərən fermer Səfayil Səfərov bu il bol məhsul olduğunu bildirib. Pambıqçılığın gəlirli sahə olduğunu deyən fermer bildirib ki, bu il sahədən bütün xərcləri çıxandan sonra pambığın birinci yığımı zamanı 6500 manat gəlir götürüb. Tarlada gördüyünüz insanlar həm öz kəndimizdən, həm də qonşu kəndlərdən gəlib işləyirlər. Təxminən 20-25 nəfərdir. Gündə adambaşına 10-15 manat qazanırlar. Hazırda sahədə ikinci yığım aparılır. Məhsulun yetişdirilməsi zamanı dövlətimiz bizə çox dəstək olub. "Aqrolizinq” tərəfindən güzəştli şərtlərlə gübrələr verilib, sahəmizi vaxtlı-vaxtında suvarmışıq. İndi də bunun bəhrəsini görürük”, - deyə fermer əlavə edib.

Daha donra jurnalistlərlə söhbət edən fermerlər onlara yaradılan şəraitdən razı olduqlarını, Aqrolilizinq ACS-nin güzəştli şərtlərlə satdığı gübrələrdən yararlanaraq bol məhsul əldə etdiklərini bildirdilər.

Pambıq sahələrində çalışan kənd sakinləri ilə də görüşən jurnalistlər onların fikirlərini öyrənib. Onlar da gördükləri işdən, qazanclarından razılıq edərək bildirdilər ki, topladıqları pambığın çəkisindən asılı olaraq gündəlik 15-16 manat qazanırlar. Yəni 100 kiloqrama 15 manat gəlirimiz olur. 

Qeyd edək ki, indi pambığın ikinci yığım zamanıdır. 

Daha sora jurnalistlər Cocuq Mərcanlı ərazisini gəzərək, kənd ərazisində abadlıq-qruculuq işləri ilə tanış olublar.

Günay İlqarqızı