Ölkə 12:22 14.06.2019

“33 yaşında anama inamımı itirdim və...” – məşhur uroloq Vasif İsmayıldan maraqlı açıqlamalar

Qaynarinfo.az-ın "Sözlü adam” rubrikasını davam etdiririk. Xatırladaq ki, bu rubrika çərçivəsində oxuculara müxtəlif peşə sahibləri ilə cəmiyyətdə müzakirələrə, fərqli fikirlərə, yanaşmalara yol açan mövzu ətrafında söhbətlər  təqdim edirik. Bugünki həmsöhbətimiz tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıldır. Vasif bəylə Azərbaycan cəmiyyətinin mənəvi durumu, mental qayğıları, valideyn-övlad münasibətləri haqqında danışmışıq. 

– Vasif bəy, bizdə xalqın keçmişdən gələn dəyərlərə aşırı bağlılığını nə ilə izah edirsiniz? Bu nəyin nəticəsidir – özünüqoruma instinktinin, yoxsa mədəniyyət, təhsil səviyyəsinin?   

– Aşırı bağlılıq olduğunu düşünmürəm , sadəcə bağlılıq var. Belə hesab edirəm ki, bu təzahür bizim kimi keçmişə sahib olan xalqlar üçün gözləniləndir, təbiidir, normaldır. Mühafizəkarlıq anlaşılan reaksiyadır. Əsas məsələ bizim xalqın yeniliklərə nə qədər açıq olduğudur. Adətən ciddi itkilərdən sonra xalq keçmişinə sarılır, kökünə qayıtmağa çalışır. Amma bizim xalq bu reaksiyanı göstərsə də, sürətlə yeniliyə açıqlıq işartıları verməyə başladı. O, sürətlə dəyişir, sürətlə püxtələşir.

– Bir çoxları milli mentaliteti mənəvi cəhətdən sağlam cəmiyyət qurmaq üçün zərərli sayırlar, onu bu baxımdan tormozlayıcı hesab edirlər. Siz necə fikirləşirsiniz?  

– Elnur bəy, məsələ burasındadır ki, milli mentalitetin yavaşladıcı xüsusiyyəti sağlam cəmiyyətlərdə hər zaman daha uğurlu seçim etməyə səbəb olub. Əslində elə biologiya elminin özü də bizə bunu göstərir. Ali məməlilərdə beyin qabığının alın payı adlanan hissəsi vardır. Əsas vəzifəsi emosional mərkəz olan limbik sistemdə verilən qərarların gələcək mükafatlandırma ilə nə qədər əlaqəsi olub-olmadığıdır. Əgər verilən qərar indi arzuolunan, məhz indi sərfəli olan, amma gələcək mükafatdan məhrum edən davranışı təlqin edirsə, alın payı bu qərarın icrasını dayandırır.

Bu mənada mentalitetin müsbət tərəfləri olduğunu görürük. Amma bunun üçün şərtlərin ən əsası orqanizmin sağlam olmasıdır. Diqtə, ideoloji hegemonluq hökm sürən cəmiyyətlərdə milli mentalitet zəlidən, kaftardan, holokostdan daha betər ziyan vurur.

– Həkimlərin "sağalmayan xəstə yoxdur, sağalmaq istəməyən xəstə var" kimi məşhur bir deyimi var. Müşahidələriniz necədir: toplum olaraq, əziyyət çəkdiyimiz xəstəliklər hansılardır? Ən əsası, həmin xəstəliklərdən sağalmağa meylliyikmi?

– Əslində bu deyim bir az həkimlərə yapışdırılıb, amma indi söhbətimizin mövzusu bu deyil. Bizim cəmiyyət olaraq əziyyət çəkdiyimiz yeganə, başlıca, hətta misligörülməmiş dərəcədə zərərli, ziyankar xəstəliyimiz dözümsüzlükdür. Amma tamamilə pessimist olmaq üçün də səbəb görmürəm. Sağalma yönündə işartılar var və bu işartıların zamanla böyüyəcəyinə də inanmaq istəyirəm.

– Vasif bəy, yeri gəlmişkən, Azərbaycan cəmiyyəti üçün aktual olan bir məsələyə də toxunmağımızı istəyərdim. Yaşlı nəsildə yeni yetişən gənclikdən – bu gəncliyin geyim-gecimindən tutmuş musiqi zövqünəcən, – bədgümanlıq var. Onların bu narahatlığını bölüşürsünüzmü?   

– Qətiyyən! Zira bu deyinmə insanlıq qədər qədim narahatlıqdır. Hələ Hammurapi mətnlərində keçmiş nəsillərə övgü, gələcək nəsil haqqında əndişə ilə yazılıb. Lakin unutmamaq lazımdır ki, insanlıq elə deyinə-deyinə inkişaf edir.

–  Belə bir məşhur söz var ki, "insan ata-anasından çox zəmanənin övladıdır". Ancaq adama elə gəlir, bizdə insanlar az qala ömürlərinin sonunadək valideynlərinin övladı olaraq qalır, onların çizdiyi trayektoriya üzrə hərəkət etməyə üstünlük verir, ya da məcbur olurlar. Bu nə qədər doğrudur? 

– İnsan həm zəmanənin, həm də valideynlərinin, daha doğrusu, ailəsinin övladıdır. Bizdə mövcud problemlərdən biri də infantilizmdir. Azərbaycan ailəsi övladını uşaq kimi yetişdirir. Yox, yox, demirəm ki, bu kökündən yanlışdır. O, əlbəttə ki, övladını uşaq kimi yetişdirəcək, amma uşaq ikən... Daha bir ömür boyu yox! Bizim ailələr uşaqlarına böyümək imkanı verməlidirlər.
Şəxsən mən özümün əsl doğum günümün 33 yaşında olduğunu düşünürəm. O yaşda artıq anama olan inamımı itirdim və bu həyatın ancaq mənim... yenə təkrar edirəm – ancaq mənim olduğu qərarına gəldim. Fikrimcə, hər bir insanın həyatında belə bir "əsl doğum günü” olmalıdır. 

–  Azərbaycanlılara mənəvi sağlam olmaq və qalmaq üçün təklif edə biləcəyiniz bir düstur varmı?

- Azərbaycanlıların yeganə düsturu dözümlülüyə öyrəşmələridir. Çox düşündüm, başqa yol tapmadım. Bunun üçün isə ulu Pavlova müraciət etmək lazımdır... Qıcıqlandırıb öyrəşdirmək... Vəssəlam!

Söhbətləşdi: Elnur Astanbəyli 
Qaynarinfo.az