Foto 18:42 04.11.2017

"#4noyabr"ın qalibi: "Bu, Muradın "Maşın" şousu deyil ki..." (MÜSAHİBƏ)

#4noyabr həştəqinin qalibi Zaur Əzimovun "Qaynarinfo"ya müsahibəsi
 
- 10 mindən çox istifadəçinin qoşulduğu müsabiqənin qalibisiniz. Hansı hissləri keçirirsiz? 
- İnanın ki, heç özüm də bilmirəm. Nə olub bitdiyindən xəbərim yoxdu. Yəni, bu dəqiqə elə bir vəziyyətdəyəm.

 
- Bildiyimizə görə, siz də marketoloqsunuz. Sizin tədbirdə iştirakınız və orada da qalib elan edilməyiniz istifadəçilərdə müəyyən şübhələrə səbəb olub. Qalib olduğunuzu orada öyrəndiniz, yoxsa əvvəlcədən bilirdiniz?
- Yox. Tədbirə mənim dəvət olunmağımın səbəbi əslində "Tufan" şirkətinin elan etdiyi sloqan yarışmasıdır. Mən həmin şirkətin konseptinə uyğun sloqan təklif etmişdim və onlar da dünən bu tədbir üçün mənə VİP bilet göndərmişdilər. Bundan başqa mənim öz şirkətim də bu həştəqdə iştirak edirdi, yəni qalib üçün biz də hədiyyə verəcəkdik. Yəni bu tədbir haqqında məlumatım var idi. Şirkət olaraq da, fərd olaraq da həştəqdən istifadə edirdim. Şəxs olaraq 3, şirkət olaraq da 2 post paylaşmışdım. Qalib olacam deyə gəlməmişdim. Özüm də bu sahənin adamı olduğum üçün bu tədbirdə iştirak edirəm. Məsələ bəlkə də elə anlaşıla bilər, amma mənim komanda üzvlərindən heç kimlə demək olar ki, şəxsi tanışlığım yoxdur, sadəcə bəzilərini sosial şəbəkələrdən tanıyırdım. Virtual dostluq deyək. Yəni bir fotoqraf öz ətrafını necə tanıyırsa, marketoloq da elə.

- Düşünmürsüz ki, bu qalibiyyət 10 mindən çox insanın qısqanclığına səbəb olacaq və ya razılıq əsasında verildiyini düşünəcəklər?
- Göydə Allah var. Hədiyyələrin əvvəlcədən razılıq əsasında mənə təqdim edilməsi ən azından vicdansızlıq olardı. Çünki adamlar bunun üzərində 1 ay çalışıblar. Bir də ki, bunu təşkil edən marketoloqların burada qazancı nədir ki, onu da xüsusi olaraq seçdikləri şəxsə versinlər. Hədiyyələr müxtəlif şirkətlər tərəfindən təqdim edilir. Bu, Murad Dadaşovun "Maşın" şousu deyil ki, 3 nəfər qruplaşıb, razılığa gəlsinlər ki, maşını filankəsə verək. Dönərin, kofenin, tur biletinin nəyini bölmək olar ki? Bu, biznes etikasına da uyğun bir şey deyil.


- Sizi hansı hədiyyələrin gözlədiyi ilə bağlı bir məlumatınız varmı?
- Vallah hədiyyələrlə bağlı hələlik heç nə bilmirəm. 2-3-ü yadımda qalıb. O da daha çox reklam vasitəsilə qarşıma çıxanlardır. 100 dönər idi, hətta onunla bağlı yumoristik status da yazmışdım, bəzi digər hədiyyələr qarşıma çıxmışdı. Amma 20 min manatlıqdır deyirlər, sözün açığı bu barədə hələlik dəqiq bir məlumatım yoxdur. Bir öz şirkətimizin, bir də yaxın dost-tanışların təqdim etdikləri hədiyyələri bilirəm.
 
- Həyatda özünüzü şanslı insan sayırsızmı?
- Şanslı demək olar. Son 2 gündür ki, qazanıram, deyəsən, başıma dövlət quşu qonub. (gülür) Birincisi "Tufan" şirkətinin sloqan yarışması idi, ikincisi də #4noyabr oldu.

Çingiz Səfərli
Qaynarinfo.Az