"Hesab edirəm ki, pensiya qanunvericiliyi illər boyu müxtəlif dəyişikliyə uğramasına baxmayaraq, yenə də ideal vəziyyətdə deyil və onun düzəldilməsinə ehtiyac var”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli 65 yaşına çatmadan dünyasını dəyişən vətəndaşların işlədiyi müddətdə Pensiya Fonduna ödədiyi pulların aqibətindən danışarkən deyib. Ekspert bildirib ki, Azərbaycanda mövcud qanunvericiliyə görə, pensiya yaşına çatmayan vətəndaşların Pensiya Fonduna, şəxsi hesaba toplanmış vəsaitlərin yığım hissəsi onun varislərinə verilir:
"Yığım hissəsi əlavə olaraq toplanılır. Ancaq sığorta hissəsi verilmir. 65 yaşa kimi, hətta kapital tam ödənilibsə belə, pensiyaçıya həmin vəsaitlər qaytarılmır. Bilirsiniz ki, pensiya qanunvericiliyi bir neçə dəfə dəyişikliyə uğrayıb. Həmçinin pensiya qanunvericiliyinə görə, baza, sığorta və yığım hissəsi var. Yığım hissəsi haqqında heç kəs düşünmür. Qanunvericilikdə olsa da, yığım hissəsi vətəndaşın məcburi sığorta haqqından əlavə özünün təşəbbüsü olaraq yönləndirdiyi vəsaitlərdir. Həmin vəsaitlər onun şəxsi hesabınada varsa, onlar varislərə qaytarıla bilir, sığorta hissəsi isə qaytarılmır. O, Sosial Müdafiə Fondunun gəlirləri hesab olunur və fondda qalmış olur. Bu nə qədər ədalətlidir, deyə bilmərəm”.
Ekspert bunun ədalətsiz olduğunu vurğulayıb:
"Sığorta olunub, pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşın pulunu qaytarmaq lazımdır. Çünki bu onun əmək haqqından tutulan vəsaitlərdir. Bizdə mövcud qanunvericiliyə görə, həm işə götürən Pensiya Fonduna pul ödəyir, həm də işçinin maaşından tutulan vəsaitlər ödənilir”.
Bahar Rüstəmli
Şərhlər