Foto 14:03 11.01.2019

71 illik sərhəd ənənəsi: hər gün minlərlə insan bunu izləyir (FOTOLAR)

Pakistan ilə Hindistan arasındakı Vagah Sərhəd Qapısı 1947-ci ilkdən bəri hər gün xüsusi mərasiblə bağlanır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, mərasimi izləmək üçün hər il minlərlə turist bura axın edir.

İki ölkənin 1947-ci ildə ayrılmasından sonra açılan sərhəd qapısı bu tarixdən etibarən hərbçilərin güc nümayişinə çevrilib.

Hər gün təxminən 1 saat davam edən mərasim rəqs və hərbi tamaşalarla başlayır. Bir ayağı olmayan veteranların çıxışından sonra qılınclı bir komandir qapıya doğru hərəkət edir. Komandirin ardınca qadın hərbçilərin yürüşü olur. Daha sonra isə ayaqqabılarının altına dəmir vurulmuş əsgərlərin təntənəli şəkildə keçidi tribunada alqışlarla müşayiət edilir.

Oxşar mərasim Hindistan tərəfdə də gerçəkləşdirilir. Hind əsgərləri əllərindəki ağacları və yumruqlarını bir-birlərinə göstərərək iki ölkə arasındakı rəqabəti təmsil edən hərəkətlər sərgiləyirlər.

Hər iki tərəfin qapıları bağlandıqdan sonra əsgərlər ayaqlarını yuxarı qaldıraraq əks istiqamətdə addımlayırlar. Sərhəddin tən ortasında qarşı-qarşıya gələn əsgərlərin görüşməsi ilə davam edən mərasim bayraqların endirilməsi ilə sona çatır.

Hər gün günəş batarkən keçirilən mərasimin ardından sərhəd qapıları bağlanır və sabahkı gün saat 9:00-da mərasimsiz bayraqların qaldırılması ilə yenidən açılır.

Tədbiri izləyənlər üçün hər iki tərəfdə tribunalar qurulub. Ümumilikdə hər gün təxminən 15 min insan bu mərasimi izləyir. Yay aylarında isə izləyicilərin sayı 40 minə çatır. Həmçinin şagirdlərə vətənpərvərlik ruhu aşılayan məktəblər də buraya ekskursiyalar təşkil edir.