Xəbər lenti

ABŞ-ın Maduro planı: 16 ay davam edən film kimi əməliyyat
Dünya 17:07 29.10.2025

ABŞ-ın Maduro planı: 16 ay davam edən film kimi əməliyyat

ABŞ-da federal bir agentin Venesuela prezidenti Nikolas Maduronu qaçırmağa cəhd etdiyi iddia edilib. 

Qaynarinfo xəbər verir ki, "Associated Press"in məlumatına görə, agent Maduronun pilotuna Venesuela liderini gizlicə ABŞ-a təhvil verməsini təklif edib.

Soyuq müharibə dövrünü xatırladan gizli plan

Cənubi Amerika ölkəsi Venesuela ilə Karib hövzəsində narkotik kartellərinə qarşı əməliyyatlar aparan ABŞ arasında gərginlik artmaqda davam edir. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə tabe olan agent Edvin Lopez, Maduronu qaçırmaq üçün gizli plan hazırladığını irəli sürüb.

"Associated Press" xəbər verir ki, Lopez Maduronun şəxsi pilotu, Venesuela Hərbi Hava Qüvvələrinin polkovniki Bitner Villegas ilə gizli görüş keçirib. Görüş zamanı Lopez belə deyib:

"Sadəcə Maduronun təyyarəsini ABŞ qüvvələrinin onu ələ keçirə biləcəyi bir yerə endir. Qarşılığında çox varlı olacaqsan".

Xəbərdə qeyd olunur ki, Lopez 16 ay ərzində Villegası bu planı həyata keçirməyə razı salmağa çalışıb. AP bu əməliyyatı "Soyuq müharibə dövrünün casus romanlarını xatırladan bir hadisə" kimi təsvir edib.



50 milyon dollarlıq təklif nəticəsiz qaldı

İlk görüş Dominikan Respublikasındakı ABŞ səfirliyində əldə edilmiş məlumat əsasında baş tutub. Lopez, Maduronun təyyarələrinin burada təmir edildiyini öyrəndikdən sonra pilotlarla təmas qurub. Əsas hədəfi Maduronun etibar etdiyi pilot Bitner Villegas olub.

Gizli görüş zamanı Lopez birbaşa təklif irəli sürüb:

"Maduronu gizlicə ABŞ-a təhvil ver, sənə böyük sərvət və xalqının hörməti qazandıracaq".

Villegas bir cavab vermədən görüş yerini tərk edib, lakin Lopezə telefon nömrəsini verib. Lopez isə təqaüdə çıxdıqdan sonra belə "WhatsApp" və "Telegram" üzərindən pilotla əlaqə saxlamağa davam edib.

7 avqustda Lopez ona "Hələ də cavabını gözləyirəm" mesajını göndərərək ABŞ Ədliyyə Nazirliyinin Maduronun başına qoyduğu mükafatın 50 milyon dollara qaldırıldığını xatırladıb. Lakin cavab ala bilməyib. Bir müddət sonra Villegas Lopezi bloklayıb.

Sosial mediada ifşa və siyasi nəticələr

Bir gün sonra ABŞ-a yaxın şəxslərdən biri olan Marşall Billingsli sosial şəbəkədə "Ad günün mübarək, general Bitner!” mesajını paylaşıb. Mesajda Lopezin daha əvvəl göndərdiyi fotoşəkil də yer alıb. Paylaşım Maduronun təyyarəsinin havaya qalxmasından bir dəqiqə əvvəl edilib və cəmi 20 dəqiqə sonra təyyarə geri dönüb.

Venesuela mediasında dərhal "pilotun həbs edildiyi” iddiaları yayılıb. Günlərlə ortalıqda görünməyən Villegas 24 sentyabrda daxili işlər naziri Diosdado Kabelyonun televiziya proqramında peyda olub. Kabelyo iddiaları gülünc adlandıraraq pilotu sadiq və cəsur vətənpərvər kimi təqdim edib.



Uğursuz casusluq əməliyyatı

ABŞ-ın bu uğursuz planı Maduro hökumətinin daxili təhlükəsizlik tədbirlərini gücləndirməsinə və Vaşinqtonun Venesuelaya qarşı təzyiqlərinin artmasına səbəb olub.

Mütəxəssislərin fikrincə, hadisə ABŞ-ın Latın Amerikasında "rejim dəyişdirmə” strategiyalarına dair yeni mübahisələr doğurub.

Venesuela hökuməti hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib, ABŞ Daxili Təhlükəsizlik və Dövlət Departamentləri isə mövzuya şərh bildirməkdən imtina ediblər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->