ABAD həyatımızı necə abadlaşdırır? (REPORTAJ/FOTOLAR)

ABAD həyatımızı necə abadlaşdırır? (REPORTAJ/FOTOLAR)

Azərbaycanda ailə bizneslərinə asan dəstək siyasətini həyata keçirən ABAD publik hüquqi şəxs prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən yaradılıb.

"Qaynarinfo"nun əməkdaşı ABAD-ın İçəri Şəhərdə yerləşən sənətkarlıq mərkəzinə baş çəkərək burada nümayiş etdirilən məhsullarla tanış olub. Qurumun direktorunun müşaviri Elvin Şirinov ABAD haqqında, onun gördüyü işlər barədə geniş məlumat verib.

“Fərmanda da qeyd olunduğu kimi məqsəd Azərbaycanın regionlarında yaşayan əhalinin ölkənin sosial-iqtisadi inkişafında iştirakının təmin edilməsi, məşğulluğun artırılması, rəqabətqabiliyyətli ailə bizneslərinin formalaşdırılmasıdır və bu istiqamətdə müvafiq siyasəti həyata keçirmək üçün ABAD mərkəzləri yaradılır.


Birinci mərkəzimiz pilot layihə çərçivəsində Masallı rayonunda "ASAN həyat" kompleksinin tərkibində fəaliyyətə başlayıb. İlkin mərhələdə Masallı rayonu üzrə müxtəlif ailə təsərrüfatları ilə görüşlər keçirildi, onlara layihə barədə məlumat verildi və daha sonra pilot layihə çərçivəsində ABAD ilə əməkdaşlıq edəcək ailələr müəyyənləşdirildi. 

ABAD ərzaq məhsullarının istehsalı üzrə fəaliyyətini 3 istiqamətdə qurur - cem və mürəbbə məhsulları, ət və süd məhsullarının istehsalı... Sadalanan istiqamətlərdə fəaliyyət göstərən ailə təsərrüfatlarının seçimi başa çatdıqdan sonra onlarla müqavilə imzalandı və bu ailələr ABAD-çı statusunu aldılar. 

Onlara həmçinin zəruri istehsal avadanlıqları təqdim edildi. ABAD-ın dəstəyi ilə təqdim olunan avandanlıqlar monoblok-konteyner şəklindədir. Yəni, bu konteynerin tərkibində gigienik qaydalara əməl edilməsi şərtilə bütöv bir istehsal xətti var ki, bu da özlüyündə mini sex formasındadır.


Bu, o baxımdan vacib amil sayılır ki, əvvəllər bəzi ailələr məhsullarını kustar üsulla hazırlayırdılar. Bir məhsulun sertifikat alması üçün onun keyfiyyətinin yüksək olmasından başqa, həmin məhsulun hazırlandığı avadanlıqların belə öz sertifikatı olmalıdır. Yalnız bundan sonra həmin məhsula uyğunlaşdırma, gigiena sertifikatı alına bilər. Ailə təsərrüfatları bir çox hallarda bu sahədə məlumatsız idilər, digər bir tərəfdən onlar bu məhsulu istehsal etdikdən sonra satışının necə həyata keçiriləcəyini, hansı şəkildə bazara çıxarılacağını, kimlərlə müqavilə imzalanacağını bilmirdilər. Buna görə də, ABAD ilk mərhələdə ailələrə zəruri avadanlıqları təqdim etdi, daha sonra tərəfimizdən seçilən təlimçilər tərəfindən onlara istehsal prosesinin hansı şəkildə aparılacağı ilə bağlı təlim keçdilər. 

Növbəti mərhələdə isə ABAD məhsullarının satışının həyata keçirilməsi ilə bağlı böyük supermarketlər şəbəkəsi ilə danışıqlar aparıldı, bu proses indi də davam etdirilir". 


Elvin Şirinov bildirdi ki, ABAD gələcəkdə digər bölgələrdə ərzaq istehsalı sahəsinə dəstək verəcək: 

"Hazırda ABAD pilot layihə kimi fəaliyyət göstərdiyi üçün ərzaq məhsulları üzrə layihələr yalnız Masallı və Balakən regionlarında həyata keçirilir. Gələcəkdə ölkənin digər regionlarında da tətbiq edilməsi nəzərdə tutulub. ABAD Azərbaycanda ilk belə layihədir ki, ailələrə biznes planlama istiqamətində, marketinq, hüquqi yardım, maliyyə-mühasibatlıq, logistika işinin təşkili, brendinq-dizayn xidmətləri üzrə dəstək göstərir. 


Ailələr bəzən öz təsərrüfatlarını düzgün planlaya bilmirdilər. Məsələn, bir çox hallarda məhsulun qiyməti onların düşündüklərindən daha aşağı olurdu və nəticədə ziyanla işləmiş olurdular. Belə olduğu təqdirdə də bu, ailə təsərrüfatlarının həmin sahədən uzaqlaşmasına gətirib çıxarırdı. Lakin, biz bu sahədə onlara təlimlər keçir, biznes plan hazırlayır və məhsulun hansı həcmdə istehsal olunmasını müəyyənləşdirməkdə yardımçı oluruq".

Qurum rəsmisi ailələrə maliyyə yardımlarının edilmədiyini, sadəcə zəruri istehsal avadanlıqları, marketinq, reklam və satışının təşkili ilə bağlı istiqamətlərdə ailə bizneslərinə dəstək göstərildiyini vurğuladı:

"ABAD tərəfindən ailələrə maliyyə yardımı nəzərdə tutulmayıb. Biz sadəcə  qeyd etdiyim istiqamətlər üzrə dəstək veririk".

Elvin Şirinov həmçinin ABAD-ın brendinq və dizayn sahəsindəki xidmətlərindən də söz açdı, məhsulların yüksək keyfiyyətlə bazara çıxarılmasında görülən işlərdən danışdı:

"ABAD-ın brendinq və dizayn sahəsindəki xidmətlərini xüsusilə vurğulamaq istəyərdim. ABAD tərəfindən təqdim olunan məhsullar öz keyfiyyətini, təravətini qorumaq şərti ilə qanunvericiliyin bütün tələblərinə uyğun şəkildə hazırlanaraq bazara çıxarılır. 


Yəni, bizim məhsullarımızda onu istehsal edən ailənin adı, məhsulun adı, istehsal olunduğu yer qeyd olunub və həmçinin bütün gigiyenik şərtlərə cavab verir. Adlar da xüsusi olaraq seçilir. Hər bir brend adının əsaslandırılması aparılır. Məsələn, mürəbbələrimizdən biri "Bal kimi" adı altında təqdim edilir. Bal anlayışı şirin, ləzzətli mənasında işlədilir ki, biz də bu adı təsadüfən seçməmişik. Yaxud "Çiçəkli" balı çiçəklərdən hazırlanan ən təbii baldır. "Şanlı" baldan danışırıqsa bu, həm şanlı, məşhur, tanınmış mənasında, həm də arı şanı mənasında işlədilə bilər və s. Həmçinin bizim əməkdaşlarımız dünya bazarını daim araşdırır və məhsulların hansı şəkildə təqdim edilməsi üçün dizayn forması müəyyənləşdirirlər".

Elvin Şirinov ailələrə "asan dəstək" prinsipinin hansı ardıcıllıqla həyata keçirilməsi barədə də məlumat verdi:

“İlk olaraq, ailələrin müraciəti əsasında onların istehsal imkanları dəyərləndirilir, ailə ilə müqavilə imzalanır, ailə ABAD-çı statusu alır, daha sonra biznes plan tərtib olunur, növbəti mərhələdə dizayn hazırlanır, həmin məhsulun daşınması təşkil olunur, yəni daha ailənin məhsulu aparıb bazara çıxarmaq kimi bir problemi olmur. ABAD məhsulların daşınması işini təşkil edir və ən sonda əlaqə qurduğu böyük supermarketlər şəbəkələrində məhsulların satışı həyata keçirilir, əldə olunan gəlir isə ABAD-çı üçün açılan bank hesabına köçürülür”.


ABAD rəsmisi gələcəkdə yeni ailələrin də layihəyə qoşulacağını bildirdi:

"Pilot layihə çərçivəsində ərzaq istiqaməti üzrə bu sahəyə qoşulan ailələrin sayı hazırda 20-dən artıqdır. Bizim həmçinin abad.gov.az saytımız da fəaliyyət göstərir ki, burada şəxsi təsərrüfatı olan ailə “ABAD-çı ol” bölməsinə daxil olaraq özü haqqında qısa - 3 addımlıq bir mərhələdən ibarət olan prosedurdan keçərək - məlumat verməklə təsərrüfatlarının imkanlarını təsvir edə bilər. Əgər zərurət olarsa, müəyyən fotolar da çəkib göndərmələri istənilir. Qısa zamanda biz həmin ailələrlə əlaqə yaradırıq, onlara qaydaları izah edir və pilot layihə olması barəsində məlumat veririk. Həmçinin bildiririk ki, daxil olan bütün məlumatlar ABAD-ın bazasında saxlanılır və gələcəkdə fəaliyyət sahəmiz genişləndiyi zaman müraciət edəcəyimiz ilk yer bu məlumat bazası olacaq".

ABAD sənətkar ailələrinə də dəstək göstərir:

"ABAD-ın ikinci prioritet istiqaməti isə dekorativ tətbiqi xalq sənətkarlığı ilə bağlıdır. Bildiyimiz kimi, Azərbaycanda bu sahədə çalışan kifayət qədər insan var və hazırkı dövrdə ölkəmizə böyük turist axınının şahidi oluruq ki, turistlərin də ilk növbədə maraqlandıqları zərif əl işləri olan sənət nümunələridir. Əvvəllər belə əşyalar hansısa xarici ölkələrdən gətirilirdi və bizim öz sənətkarlarımızın məhsulları bir kənarda qalırdı. Onlar da bazara hansı tip məhsulların çıxarılması, satışın harada keçirilməsi barədə məlumatsız idilər. Hazırda isə sənətkar ailələrinə tələbata uyğun məhsulların hazırlanması ilə bağlı təkliflər də verilir.

Mart ayının 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində Türkiyənin "TİKA" təşkilatının və “İçərişəhər” DTMQİ-nin dəstəyi ilə ABAD sənətkarlıq mərkəzi yaradıldı və ilkin mərhələdə burada 65 ailənin əl işləri nümayiş etdirildi. Qısa zamandan sonra biz bu sahəyə böyük təlabatla qarşılaşdıq, növbəti mərhələdə Heydər Əliyev beynəlxalq hava limanının ərazisində ABAD-ın ikinci sənətkarlıq mərkəzi yaradıldı".


ABAD-ın sənətkarlıq sahəsi ərzaq sahəsindən fərqli olaraq ölkənin bütün ərazisini əhatə edir və bu sahəyə 120-dən artıq ailə cəlb olunub:

"ABAD-la Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanan əməkdaşlıq müqaviləsinə əsasən burada sağlamlıq imkanları məhdud olan şəxslərin də əl işlərinin satışı təşkil edilir. Məhsulların satışı ilə yanaşı, onu hazırlayan şəxs haqqında məlumat hazırlanır, ümumiyyətlə məhsul barədə reklam çarxları çəkilir. Təqdim olunan hər bir məhsulun üzərində xüsusi kitabça yerləşdirilir. Bu kitabçada əl işini hazırlamış şəxsin adı və soyadı, təmsil etdiyi şəhər, rayon, kənd, həmçinin unikal kodu göstərilir. ABAD-ın rəsmi internet səhifəsinə daxil olan hər bir şəxs bu kod vasitəsilə məhsulunu əldə etdiyi ABAD-çı haqqında geniş məlumat ala bilər”.

Elvin Şirinov turistlərin ABAD mərkəzlərinə olan böyük marağını da xüsusilə qeyd edib:

"Biz ölkəmizə səfər edən turistlərin Azərbaycanda hazırlanmış əl işlərinə qarşı böyük marağı ilə qarşılaşmışıq. Yerli sənətkarların əl işlərinə olan böyük tələbatı nəzərə alaraq, gələcəkdə ABAD sənətkarlıq mərkəzlərinin fəaliyyətini genişləndirməsi nəzərdə tutulur. Qeyd etmək istəyirəm ki, ABAD sənətkarlıq mərkəzlərinə təkcə turistlər deyil, öz vətəndaşlarımızda tez-tez üz tuturlar və hədiyyə üçün ölkəmizin rəmzlərini, mədəniyyətini, tarixini özündə əks etdirən, yerli sənətkarların hazırladığı əl işlərini almağa üstünlük verirlər”. 


Çingiz Səfərli

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR