İdman 10:51 16.05.2013

Abbas Abbasov: "Bu təşkilat diktatorluq şəraitdə yaradılmışdı"

Azərbaycan Güləş Federasiyasının sabiq prezidenti Abbas Abbasov Beynəlxalq Olimpiya Komitəsinin güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı tövsiyə xarakteri daşıyan qərarına münasibətini açıqlayıb: “Fikrimcə, baş verənlər hadisələrin yeganə səbəbi Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) daxilində gizlənir. Bu təşkilat tamamilə diktatorluq, korrupsiya şəraitdə yaradılmışdı”. 

Apasport.az saytının verdiyi məlumata görə, FİLA-nın növbədənkənar konqresində iştirakı üçün Moskvaya gələn Abbasov əsas günahkarlardan biri kimi qurumun sabiq prezidenti Rafael Martinettini görür: 

“Martinetti artıq heç kimi və heç nəyi hiss etmirdi. Onun əsas vəzifəsi harada və necə, kiminsə hesabına varlanmaq idi. Mən bunu tam rəsmi olaraq bəyan edirəm. Güləşdə baş verənlərdə hansısa mənada hamımız günahkarıq. Biz onunla bacara bilmədik. Hətta indi FİLA-nın Moskvadakı konqresinə hazırlıq getdiyi vaxtda Martinetti geri çəkilmək istəmir. Öz işini sona çatdırmağa can atır”. 

Azərbaycanın baş nazirin sabiq müavini “İTAR-TASS”a bildirib ki, bir insan naminə güləş qurban verilib: “Güləşin naminə birləşənlərin hamısına “sağ ol” deyirəm. Güləş ictimaiyyəti sübut etdi ki, bu idman növü uğrunda mübarizə aparılacaq”.

Qaynar.info