Dünya 10:17 04.03.2020

ABŞ Türkiyəyə dəstək verdiyini açıqladı: “Patriot”lar nəzərdən keçirilir

ABŞ Suriyanın İdlib bölgəsindəki hadisələr fonunda Türkiyəyə hərbi, diplomatik və humanitar yardım göstərməyə hazırdır. Vaşinqton Ankaraya silah-sursat və Patriot hava hücumundan müdafiə sisteminin tədarükünü nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi elçisi Ceyms Cefri Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinə səfəri zamanı deyib. Diplomatı ABŞ-ın Türkiyədəki səfiri David Satterfield müşayiət edib.

"Türkiyənin hava hücumundan müdafiə sistemləri (Patriot) tələbinə rəğbətlə yanaşırıq. Türkiyənin bu istəyini nəzərdən keçiririk. Türkiyə NATO-nun üzvüdür. Onun ordusu əsasən bizim avadanlıqlarımızdan istifadə edir. İstəyirik ki, onlara lazım olduğu vaxt hər şey hazır olsun", - Cefri deyib.

Xüsusi nümayəndə ABŞ və Türkiyənin kəşfiyyat mübadiləsi etdiyini də bildirib. Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar olaraq Ankara və Vaşinqton fəal şəkildə məsləhətləşmələr aparırlar: 

"Hazırda biz Türkiyəyə yardım paketi və diplomatik dəstək, o cümlədən Rusiya məsələsində (İdlibdə Türkiyə və Rusiya danışıqları) dəstəyi müzakirə etdik. Dünən bir yüksək səviyyəli Rusiya nümayəndəsi ilə danışdım. Türkiyənin diqqətinə çatdırdım ki, xəyali deyil, əsl barışıq lazımdır".
Amerikalı diplomat Şam rejimi ordusunun İdlibdəki hücumlarını "tamamilə diabolik" adlandırıb: "Rejim əxlaqsız siyasət aparır. Məqsəd milyonlarla insanı İdlibdən qovmaqdır".

Onun sözlərinə görə, Əsəd rejimi bölgənin demoqrafik quruluşunda dəyişiklik etmək istəyir.

Bundan əlavə, ABŞ-ın xüsusi nümayəndəsi bildirib ki, Vaşinqton rejim nümayəndələrinə və Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir.

Alpər