Xəbər lenti

ABŞ-da yaşayan azərbaycanlı blogger (FOTOLAR)
Elman Eldaroğlu
Foto 11:09 10.06.2019

ABŞ-da yaşayan azərbaycanlı blogger (FOTOLAR)

Son vaxtlar sosial şəbəkələrdə ABŞ-da yaşayan müxtəlif blogger soydaşlarımız tərəfindən Azərbaycan cəmiyyətinə qısametrajl tanıtım videoları təqdim olunur. Amerikadan bəhs edən həmin videoların böyük əksəriyyəti bir-birinin təkrarı olsa da, hələ ki, ictimaiyyət tərəfindən müsbət qarşılanır. Necə deyərlər, onların arasında elələri də var, belələri də, elə-belələri də. Bu gün sizə "Bizimlə kəşf et” səhifəsi ilə "Facebook" platformasında videoçıxışlar yayan, insanlara daha mükəmməl, daha real məlumatlar verən blogger Elman Kərimovdan söhbət açmaq istəyirəm. 

O, 1984-cü ildə Bakıda dünyaya gəlib. 2001-ci ildə 279 nömrəli orta məktəbi bitirərək Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakultəsinə qəbul olunub. 2005-ci ildə orada qırmızı diplomla bakalavr, 2007-ci ildə isə magist dərəcələrinə yiyələnib. 2007-2008-ci illərdə hərbi xidmətini keçib. 2008-2010-cu illərdə bizneslə məşğul olub. 2010-2014-cü illərdə Dövlət Miqrasiya Xidmətində müfəttiş işləyib. Sonra yenidən biznesə qayıtsa da 2016-cı ildə Amerikaya gəlib...

...Atası mayor Əziz Kərimov əslən Masallı rayonunun Musaküçə kəndindən idi. Azərbaycan Müdafiə Nazirliyində xidmət edib. Rəhmətlik 2012-ci ildə qəflətən dünyasını dəyişib. Anası Səfayə xanım uzun illər toxuculuq fabrikində çalışıb. Hazırda təqüddədir...

Elman Kərimov ABŞ-ın Virciniya ştatının Fairfax şəhərində məskunlaşandan sonra öz şəxsi avtomobili ilə bir neçə ay restoranların birindən müştərilərə pitsa daşıyıb. Hazırda "PLC GROUP” tərcümə şirkətində məhkəmələr üzrə tərcüməçi işləyir. Bununla yanaşı "Uber” taksi xidmətində sürücü kimi fəaliyyət göstərir. Altı aydır ki, "Peoplentech İT” tədris mərkəzində test mühəndisi ixtisası üzrə təhsil alır. Bütün bunlar öz yerində, məqsədim onun ictimai fəaliyyəti barədə məlumat vermək olduğundan, sizə "Bizimlə kəşf et" ”Facebook" səhifəsindən danışmaq istəyirəm. Axı o, bu səhifədən canlı yayımlar təşkil edərək ABŞ-a gəlmək istəyən soydaşlarımzı bu ölkədəki reallıqlarla tanış etməyə çalışır. Burada məskunlaşmağın, iş tapmağın, təhsil almağın yollarını izah edir. Bütün çıxışları gerçəklik üzərində qurulduğundan qısa müddətdə xeyli tamaşaçı da toplayıb. Verilən sualları dolğun cavablandırmaqla yanaşı, Amerika mətbəxinin bizim ağız dadımıza uyğun təamlarından, görməli yerlərindən, amerikalıların həyat tərzindən süjetlər hazırlayıb insanlara təqdim edir. Şübhəsiz ki, onun bu fəaliyyəti Amerika ilə maraqlananlar üçün çox əhəmiyyətlidir...

Deyir ki,- "Mənim ən böyük istəyim azərbaycanlıların mehriban olmalarıdır. Bir-birinə çətin vaxtlarında kömək etsinlər. Bir-birindən qaçmasınlar. Türk restoranına gedəndə, orada xidmətçidən tutmuş kassirə kimi hamının türk olduğunun şahidi olursan. Amma azərbaycanlının restoranına gedəndə bir nəfər azərbaycanlı işçi tapa bilmirsən. Bizim millətdən başqa dünyanın hansı millətindən istəsən orada tapa bilərsən”...

...Ömür-gün yoldaşı Leyla xanım "Amerikanın Səsi” radiosunda "Dünyaya Baxış” verilişini aparır. İki övladı vardır. Qızı Ləman 12, oğlu Əlixan 8 yaşındadırlar. Ləman xanım 2017-ci ildə Fairfax şəhəri üzrə "İlin şagirdi” adına layiq görülüb. Hazırda xüsusi istedadlılar proqramında oxuyur...

Arzuları çoxdur. İstəyir ki, polisdə, məktəbdə, xəstəxanada və s. yerlərdə davranış qaydaları ilə bağlı maarifləndirici videolar hazırlayıb ictimaiyyətə təqdim etsin. Futbol oynamağı xoşlayır. Arada bədii yaradıcılıqla da məşğul olur. Necə deyərlər, vətən həsrəti onu da şair edib, şeir yazır. Onun həsrət dolu bir şeirini sizə təqdim etməklə söhbətimi yekunlaşdırıram:

Yadıma düşmüsən yenə, ay Bakı, 
Əllərim yetməyir, batmışam qəmə. 
Sənə şeir yazmaq, mahnı söyləmək, 
Qürbətdə qismətmiş Elmana demə!

Axtarır gözlərim Xəzər dənizin, 
Çılğın dalğaların sədası gəlmir. 
Bir daha görüşmək qismətmi yenə?- 
Sabah nə olacaq bir kimsə bilmir!

Mənə əziz olan dostlar, tanışlar, 
Mənim də yerimə Xəzərə baxın! 
Yox! Bir söz deməyin, ehtiyac yoxdur, 
Anlayır dilini o baxışların!

Gəzin bulvarını, gəzin sahili, 
Elmandan hər kəsə salam söyləyin.
Deyin, qürbətdədir- uzaq bir eldə.
Gözləri dolduğun amma deməyin!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->