ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanat yayıb. Anspress-in məlumatına görə, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib ki, biz birmənalı olaraq tezliklə danışıqlar prosesinin bərpasını arzu edirik.
ABŞ əvvəllər münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizama salınmalı olduğunu deyirdi. Bu dəfə BMT çərçivəsində nizamlanma prosesini dəstəklədiyini qeyd edib.
Con Kirbi bildirib ki, Amerika Birləşmiş Ştatları BMT-nin həll prosesini dəstəkləməyə davam edir. “Bu, münaqişənin nizamlanmasının ən yaxşı variantıdır. Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri regiona səfər ediblər. Onlar birmənalı olaraq bildiriblər ki, tezliklə danışıqlar prosesinə qayıdışı arzu edirlər. Biz BMT-yə və tərəflərin uzunmüddətli sülhə nail olması istiqamətində fəaliyyətə möhkəm sadiqik", - deyə Kirbi bildirib.
Con Kirbinin mətbuat konfransı
Cəbhə xəttində vəziyyət gərginləşdikdən sonra dünyanın bir çox nüfuzlu dövlətləri, o cümlədən ABŞ tərəfləri sülhə çağırdı. Həmin vaxt ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında 2 dəfə telefon danışığı olub.
Onlar hər iki danışıq zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Birinci telefon danışığından sonra yayılan təfərrüatlarda bildirilirdi ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransanın səylərinin artırılması barədə razılıq əldə olunub.
Lavrov və Kerri müxtəlif “xarici oyunçuların” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar. Amma ikinci telefon danışığının təfərrüatları açıqlanmayıb.
ABŞ və Rusiya cəbhə xəttində atəşkəsin əldə olunmasını alqışlayıblar.
ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər