Siyasət 13:51 29.03.2013

ABŞ dövlət katibi Elmar Məmmədyarova zəng edib

ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova zəng edib.

Diplomatik mənbələrdən APA-ya bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti, ATƏT-in Bakı Ofisinin statusu məsələsini müzakirə ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya bu telefon danışığından xəbərsiz olduqlarını deyiblər.

Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, MDİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs öz hesabından bir milyon dollara yaxın vəsait götürüb və pulların hara xərcləndiyi barədə hesabat verməyib. MDİ isə bu ittihamlarla razılaşmayaraq, Azərbaycanda fəaliyyətini şəffaf və açıq şəkildə həyata keçirdiyini bəyan edib.

Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-ə müraciət edərək, ATƏT-in Bakı ofisinin statusunu layihə-koordinator səviyyəsinə endirmək istədiyini bildirib. Bununla bağlı müzakirələr davam edir. 

Qaynar.info