Foto 10:24 30.05.2020

ABŞ-ın iri şəhərləri cəhənnəmə döndü: Tramp etirazçılara qarşı ordu göndərdi (FOTO/VİDEO)

ABŞ-ın bir sıra böyük şəhərlərində iğtişaşlar başlayıb. 

Qaynarinfo Associated Press-ə istinadla xəbər verir ki, buna səbəb Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü olub.

Aksiyalar Feniks (Arizona), Denver (Kolorado), Las Veqas (Nevada), Los Anceles (Kaliforniya), Atlanta (Corciya), Hyuston (Texas) şəhərlərində keçirilir. Bu aksiyalarda minlərlə insan iştirak edir.

Əvvəlcə etirazlar dinc məzmunda olub, sonra etirazçılar dağıntılar törətməyə və polis maşınlarına atəş açmağa, mühafizəçilərə daş və şüşə atmağa başlayıblar.
Mediada yayılan məlumatlara görə, ən azı 3 asayiş keşikçisi yaralanıb. Minneapolisdə fəallar bir polis bölməsinə atəş açıblar.

Etirazçılar həmçinin mağaza və dükanları talan edir.

Xatırladaq ki, Minneapolisli afrika-amerikalı Corc Floyd saxta sənədlərdən istifadə etməkdə günahlandırılaraq tutulub. Saxlanılarkən polis dizini onun boğazına dirəyib, kişi mayın 25-də xəstəxanada ölüb. Hadisə Minneapolisdə iğtişaşlara səbəb olub. Şəhər hakimiyyəti fövqəladə rejim və komendant saatı tətbiq edib.
 
ABŞ prezidenti Donald Tramp Milli Qvardiya qoşunlarını Minnesota ştatına göndərib. Polis əməkdaşı Derek Şoven afro-amerikalıın ölümündə günahlandırılaraq həbs olunub. Son məlumatlara görə, polisin həyat yoldaşı boşanmaq üçün ərizə vermək qərarına gəlib.
 
Alpər