Dünya 17:08 03.06.2020

ABŞ kimi bir dövlət belə xalq həyəcanları ilə hesablaşmalıdırsa... (TƏHLİL)

"ABŞ-da prezident seçkiləri ərəfəsində ciddi gərginliklər yaşanır”.   

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-da baş verən etirazları şərh edərkən deyib. Politoloq ABŞ-da baş verənləri kifayət qədər ciddi hadisələr hesab edir:

"Hər şey zənci mənşəli bir şəxsin polis tərəfindən öldürülməsi ilə başlanılıb, ona etiraz aksiyası kimi gündəmə gəlib və sonradan bura müxtəlif qüvvələr də qoşulub. Məsələn, Trampın rəqibləri olan Demokratlar Partiyası hərəkətə dəstək verməyə başlayıb, müəyyən oliqarxlar isə bu prosesi altdan-altdan izləyir.
 

Qabil Hüseynli
 
Nəticə etibarı ilə etirazlar az qala bütün Amerikanı bürüyən bir hərəkata çevrilib. Koronavirusun nəticələri də bu prosesə təsir edir. Trampın gördüyü tədbirləri qənaətbəxş hesab etmirlər. Belə hesab edirlər ki, koronavirusdan ölənlərin sayına görə Amerikanın birinci yerdə olması ölkənin imicinə və səhiyyəsinə ciddi kölgə salır və bu işdə də indiki Administrasiyanın günahları böyükdür. Ölkədə prezident seçkiləri ərəfəsində ciddi gərginliklər yaşanır. 

Bu gərginliklər baş verən ölüm hadisəsindən sonra siyasi çalarlar almağa başlayıb. Siyasi elitanın bəzi nümayəndələri, xüsusi ilə Demokratlar Partiyasından olanlar Trampı və onun siyasətini tənqid etməyə başlayıblar. Onu səriştəsizlikdə və bacarıqsız idarəetmədə günahlandırırlar. Bütün bunlar onu göstərir ki, prezident seçkiləri ərəfəsində demokratlarla respublikaçılar arasında gərgin mübarizə gedəcək. Bu prosesdə Trampın reytinqində ciddi geriləmə müşahidə olunur. Tramp bundan narahat olmağa başlayıb və Bibliyanı götürərək insanlara yalvarışlı formada müraciət edərək onları sabitliyə riayət eləməyə və böyük Amerikanı qorumağa səsləyib. Bu da bəzi dairələrdə gülüşlə qarşılanıb. Bir sözlə, demokratlar hər şeyi etməyə çalışırlar ki, üzü payıza, seçkilərin başlanğıcına doğru Trampı tamamilə tərkisilah etsinlər və bu seçkidə onu gözdən salsınlar. Müəyyən qədər də buna nail ola bilirlər. Amma Tramp da manevlər etməyə cəhd edir. Tramp payızda 7 ən inkişaf etmiş ölkənin toplantısını əyani şəkildə keçirməyə razılıq ala bilib. Buraya əlavə dəvət edilənlər də var. Avstraliya, Hindistan, Cənubi Kareya və Rusiya... Bu dəvətlərə kimlərin qatılacağı bəlli deyil. Amma zənnimcə, hamısı gələ bilər. Üstəlik koronavirusla bağlı Cinə qarşı təzminat davasının açılması ilə bağlı qərar olacaq. Çünki Amerika başda olmaqla bir çox dövlətlər hesab edirlər ki, virusun yayılması və dünya iqtisadi böhranına gətirib çıxarılması Çinin günahı ücbatından baş verib. Və Çin bu virusa görə, böyük ziyan dəymiş ölkələrə təzminat ödəməlidir. 4 trilyon dollar təzminat tələb olunur. Bu da Çinin çökdürülməsi və onun sıradan çıxarılmasına yönəlib. Bunu Çinin ödəmək imkanı olmayacaq. Çin bu ittihamlarla barışmır. Dünyanın Çinin üzərinə getməsi, ən azından inkişaf etmiş ölkələrin Çinin üzərinə getməsi vəziyyəti gərginləşdirən amillərdəndir”. 

Ağ Partiya başqanı Tural Abbaslı isə hesab edir ki, ABŞ-dakı proseslər bunu deməyə əsas verir: dünya daha əvvəlki kimi olmayacaq:
 

Tural Abbaslı

"Amerikada baş verən proseslər onu deməyə əsas verir ki, dünyanın aparıcı dövlətləri belə daxili siyasi çaxnaşmalardan sığortalanmayıblar. ABŞ-dakı proseslər həm də bu tezisi təsdiqləyir ki, dünya əvvəlki kimi olmayacaq. ABŞ güclü dövlətdir, ancaq o da beynəlxalq vəziyyət və dünyada siyasi-iqtisadi təsir imkanlarına malik olan güclərlə hesablaşmalıdır. Eyni zamanda demək lazımdır ki, ABŞ-dakı proseslər xalqla hesablaşmağın zəruriliyini ortaya qoyur. Azərbaycan höküməti də bu hadisələrdən özü üçün nəticə çıxarmalıdır. Çünki ABŞ kimi bir dövlət bu xalq həyəcanları ilə hesablaşmalıdırsa, bizim siyasi elita sayılan adamlarımız da, hökümətimiz də xalqı daim əsas hesablaşılmalı olan tərəf kimi qəbul etməlidirlər. Dünyadakı siyasi dəyişikliklərə gəldikdə isə dünya siyasəti dinamikdir və daim dəyişir”.

Bahar Rüstəmli