Ekonomiks 18:54 26.01.2022

ABŞ Qərb üçün Rusiya qazına alternativ axtarır: O, Azərbaycan ola bilərmi?

"Azərbaycanın imkanları həcm və loqistika baxımından ABŞ-ın Avropa bazarında Rusiya qazına axtardığı alternativi reallaşdırmaq gücündə deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz üzrə ekspert İlham Şaban Ukrayna ətrafında gərginləşən vəziyyətlə bağlı olaraq ABŞ-ın Avropa üçün Rusiya qazına alternativ axtarması fonunda Azərbaycanın belə bir alternativ rolunda çıxış etməsi imkanını dəyərləndirərkən deyib:

"Bu il Azərbaycan Avropa bazarında 9 milyard kubmetr qaz satmaq imkanına malikdir. Qrafikə görə, Azərbaycan qazı ilə bağlı Avropa bazarı məhz bu həcmdə sifariş verib. Azərbaycan lazım olsa, bu həcmi bir qədər, məsələn cəmi bir neçə yüz milyon kubmetrə qədər artıra bilər. Gələn il üçün isə Bakı 11 milyard kubmetr qazı "köhnə qitə” bazarında satmağı planlaşdırır. Özü də Azərbaycan bu qaz həcmini nə Rumıniya, nə Ukrayna, nə də digər başqa ölkədə sata bilməz.
 
Mavi yanacağımız boru kəməri vasitəsilə ancaq hansı istehlakçı ölkəyə gedirsə, məhz o bazarda satacağıq. Bu il Avropaya 11 deyil, 9 milyard kubmetr qaz satmağımız isə Bolqarıstanın Yunanıstan üzərindən boru kəməri vasitəsilə yanacağı idxal etməsinin ancaq cari ilin iyununda reallaşması ehtimalı ilə bağlıdır”. 
 


Ekspert bildirir ki, Bakı ancaq hazırda qaz satdığı Avropanın 3 ölkənin bazarında müəyyən dərəcədə rol oynaya bilər:

"Bir sözlə, Azərbaycanın imkanları ABŞ-ın axtardığı alternativə cavab vermir. Bakı ancaq ölkəmizdən qaz alan İtaliya, Yunanıstan və Bolqarıstanın qaz bazarında rol oynaya bilər. İtaliya bazarında Azərbaycan 9 faiz paya sahibdir. Avropaya verilən 10 milyard kubmetr mavi yanacağımız Avropanın istehlak etdiyi 550 milyard kubmetr qazın hardasa 2 faizi deməkdir. Heç olmasa bu qədər də olsa, Avropanın artan tələbatına töhfə verə bilirik”. 

Rüfət Sultan