Sənət 10:10 09.06.2018

ADO teatrı Biləsuvara qastrola gedir

ADO teatrı iyunun 10-da Biləsuvar rayonuna qastrol səfəri edəcək. Kollektiv region sakinlərinə "TOY” adlı tamaşasını göstərəcək.

Qaynarinfo xəbər verir ki, tamaşa məşhur Alman dramaturqu Bertolt Brextin "Meşşan toyu” pyesi əsasında hazırlanıb. 

"TOY” tamaşasının rejissoru isə ADO-nun fransız əsilli aktrisası Elsa Furtadodur. Tamaşanın rəssamı Leyla Quliyevadır. Pyesi Azərbaycan dilinə Aytən F.Əliyeva tərcümə edib. Rolları isə İskra Tarrant, Elgün Həmidov, Elmin Bədəlov, Günel İmanova, Zərif Bəkirova, Kamal Aken, Orxan İskəndərli canladıracaq. Tamaşa "Goethe Zentrum – Baku” (Goethe İnstitut) dəstəyi ilə hazırlanıb.

Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır. Teatr bundan öncə ölkə xarici ilə yanaşı regionalara da səfər edib. ADO bu illər ərzində Şəki, Biləsuvar, Lənkəran, Lerik və başqa rayonlarda tamaşalar nümayiş etdirib. Səfərin təfərrüatları isə teatrın rəsmi saytı olan ado.az`da yayımlanacaq.