İdman 18:13 23.05.2019

"AFFA Qusarda futbolun irəli getməsini istəmir" (MÜSAHİBƏ)

8 yaşında Qusar rayonunda futbola başlayan Firudin Ağalarov kiçik yaşlarından "Şahdağ"da çıxış edir.  Artıq 27 yaşı olan futbolçu hələ də bu komandanın şərəfini qoruyur.

Ağalarov Sport7.az-a müsahibəsində yerli futbolçulara və doğma komandasına qarşı edilən haqsızlıqlar barədə danışdı. 

- Firudin, nə əcəb başqa komandalarda çıxış etməmisiniz? Təklif olmayıb, ya doğma komandanızdan ayrılmamısınız?
- Doğma komandamdan ayrılmıram. Azərbaycan elə yaş limiti qoyublar ki, 20 yaşdan sonra futbolu buraxmağa məcbur olursan. İnşallah, elə gün gələr ki, əsas liqada 18 komanda olar, onlardan biri də "Şahdağ" olar. Bölgə klublarının iştirakı futbolda rəqabəti artırar. Bu il rəqabət ancaq "Qarabağ" və "Neftçi" arasında keçdi. Azərbaycan futbolunda əsas liqadan başqa digər liqalara nəzarət azdı.  I Divizion, Region Liqasını xala xətri qalmasın deyə yaradıblar. Bu il Region Liqasında elə rəqabət vardı ki, inanın heç əsas liqada belə deyildi. 

- Narazılığınız nədəndir?
- Gətirib yığıblar legionerləri Premyer Liqaya. Nəyə lazım? Cavanlarımız qalıb bayırda. Halbuki bir-iki legioneri çıxmaq şərtilə, digərlərinə havayı pullar xərclənir. Heç bir işə də yaramırlar. Bu gün o legionerlərə görə 20 yaşlı cavanlar futbolu buraxırlar. Azərbaycan millisində heç bir dəyişiklik yoxdu. Çünki neçə ildi futbolçular adları sayəsində yığmada çıxış edirlər. Nə qədər ki, köhnə oyunçular futbolu buraxmayacaq, Azərbaycan millisində dəyişiklik olmayacaq.

Bizim rayonda elə gənc oyunçular var ki, onlara baxmaq lazımdı. Vallah, istedadlı futbolçulardır. Ancaq futboldan başı çıxmayanların sayəsində futbolu buraxmaq məcburiyyətindədirlər. 

Özümdən misal çəkim. Futbolu çox sevirəm, elə çox da yaşım yoxdu. İllərdi "Şahdağ"ın şərəfini qoruyuram. AFFA-da futbolu bilənlər otursaydı, bizdə də Premyer Liqada oynamaq şans yaranardı. 

- Burada klubları da qınamaq lazım deyil? Bölgələrdən futbolçu axtarmırlar. Məsələn, bizdə heç bir komanda I Diviziondan belə futbolçu almır, qaldı Region Liqası. Əksinə klubsuz qalan futbolçular gedirlər aşağı liqalara. 
- Bəli, düzdü. Yuxarıdan aşağı baxırlar. Onlardan olsa I Divizion və Region Liqasını da dağıdarlar. Nəyinsə məcburiyyətindən saxlayıblar. O necə olur ki, Region Liqasında çıxış edən komandaları Kubok oyunlarına buraxmırlar. Ancaq Azərbaycan futbolunda belə hadisələrə rast gəlmək olar. Rəqabəti saldılar aşağı. Bunun səbəbi də bölgə futbolunu yox etməkdir. Başqa heç nə demək olmaz. Bircə "Qəbələ" var. O da yavaş-yavaş dağılmaqdadı. 

- Bir neçə ildi "Şahdağ" I Divizion yüksələcəyini deyir. Lakin alınmır. Səbəbi nədir? Komandanın maliyyə baxımından vəziyyəti necədir?
- Komandada vəziyyət yaxşıdı. Hər il ümid edirik. Bu il də ümidimizi qoruyuruq. Məqsədimiz I Diviziona yüksəlməkdi. Fikrimcə, AFFA bizim rayonda futbolun irəli getməsini istəmir. Görək, AFFA nə qərar verəcək, bu il "Şahdağ" I Divizionda oynamasın deyə, nəyi bahənə edəcəklər?! 

- Hər il nə kimi bahənələr irəli sürürlər ki?
- Güya, ən azından iki il Region Liqasında oynamalıyıq. "Şahdağ"ın tarixi var. Tarixi olan komandaya belə söz demək çox gülməlidi. İnanın ki, Region Liqasında bir "Şahdağ"dı tarixi olan komanda, onu da I Diviziona buraxmırlar. Görək, bu il nə olacaq. İnanıram ki, Avropa Liqasının finalından sonra Elxan Məmmədov bizi də sevindirər.