Xəbər lenti

Aİ-də yoxsulluq: Hər beşinci sakin və hər dördüncü uşaq risk altındadır
Dünya 13:03 07.05.2026

Aİ-də yoxsulluq: Hər beşinci sakin və hər dördüncü uşaq risk altındadır

Avropa İttifaqında hər beşinci sakin və hər dördüncü uşaq yoxsulluq təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən Avropa Komissiyası yoxsulluqla mübarizə üzrə ilk kompleks strategiyanı təqdim edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Strategiya 2030-cu ilə qədər yoxsulluq riski altında olan insanların sayını 15 milyon nəfər azaltmağı nəzərdə tutur. Xüsusi diqqət uşaqlara, əlilliyi olan şəxslərə və evsizlərə yönəldilib. Avropa İttifaqı 2050-ci ilə qədər yoxsulluğun tamamilə aradan qaldırılmasını hədəfləyir.

Komissiyanın məlumatına görə, xüsusilə tək valideynlər və 16–29 yaş arası gənclər daha həssas qruplar hesab olunur və mövcud şəraitdə onların vəziyyətinin pisləşməsi riski var.

Uşaq yoxsulluğu ilə mübarizə çərçivəsində təhsil, səhiyyə və məktəbəqədər təhsil müəssisələrinə çıxışın yaxşılaşdırılması planlaşdırılır. Bundan əlavə, psixi sağlamlıq sahəsində proqramların genişləndirilməsi nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası da əsas istiqamətlərdən biri olacaq. Avropa İttifaqında təxminən 90 milyon əlilliyi olan şəxs yaşayır və onlar işlə təmin olunmaqda daha çox çətinlik çəkir, yoxsulluq riski ilə daha çox üzləşirlər.

Bundan başqa, Aİ əhalisinin təxminən 17 faizi həddindən artıq sıx yaşayış şəraitində yaşayır, eyni zamanda təxminən bir milyon insan evsizdir.

Bununla belə, strategiya çərçivəsində əlavə maliyyə vəsaiti ayrılması nəzərdə tutulmur. Brüsseldə mövcud resurslardan daha səmərəli istifadə olunmasına üstünlük verilir.

Aydın

--> -->