Dünya 11:47 24.11.2022

Aİ-nin Rusiya neftinin qiymət həddi ilə bağlı danışıqları dalana dirənib

Avropa İttifaqı ölkələri Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gələ bilməyiblər. Aİ və G7 noyabrın 23-də yekun sazişi imzalamağa ümid edib, lakin bunun üçün birliyin bütün üzvlərinin razılığı lazımdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazıb.

Mənbələr agentliyə bildiriblər ki, ölkələr qiymətin yuxarı həddini müəyyən edə bilmədiyi üçün müzakirələr dayandırılıb. Avropa Komissiyası bir barel üçün yuxarı qiymət həddini 65 dollar müəyyən edilməsini təklif edib. Baltikyanı ölkələr və Polşa diplomatları belə bir məhdudiyyəti çox yumşaq hesab edirlər. Bununla belə, Yunanıstan və Malta da daxil olmaqla, böyük gəmiçilik sənayesi olan bir neçə ölkənin nümayəndələri qiymət həddini 70 dollardan aşağı endirməkdən imtina ediblər – bu, Aİ-nin təklif etdiyi diapazonun yuxarı həddidir.

Almaniya kansleri Olaf Şolts müzakirələrdəki çətinlikləri ölkələrin bir tərəfdən təsirli, digər tərəfdən də Aİ ölkələri üçün narahatlığa səbəb olmayan qiymət üzərində razılığa gəlməyə çalışdığını bildirib.

G7 ölkələri Aİ-nin səkkizinci sanksiyalar paketinin bir hissəsi olaraq sentyabr ayında neft qiymətlərinə yuxarı hədd tətbiq etmək barədə razılığa gəliblər. Şirkətlərə müəyyən edilmiş limitdən yuxarı qiymətə alınan Rusiya nefti ilə bağlı əməliyyatlar - daşınma, sığorta və maliyyələşdirilmə üzrə xidmətlər qadağan ediləcək. Fikirə görə, qiymət həddi Kremlin neft satışından əldə etdiyi gəlirləri və Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdıracaq.

Agentlik qeyd edir ki, bununla belə, Rusiya artıq nefti bir sıra ölkələrə endirimlə satır, belə bir məhdudiyyətin nəticələri minimal olacaq. Brüsseldəki "Bruegel” analitik mərkəzinin baş əməkdaşı Simone Taliapietra bildirir ki, Rusiya nefti "Brent”lə müqayisədə böyük endirimlərlə - bir barrel üçün 65 dollar civarında satılır. Əgər qiymət tavanı eyni səviyyədə təyin olunarsa, bu, Rusiyaya o qədər də böyük zərər verməyəcək. 
Xam neftə məhdudiyyət dekabrın 5-dən, neft məhsullarına isə 2023-cü il fevralın 5-dən qüvvəyə minəcək. Həmin gün altıncı paketdən neftə qarşı sanksiyalar qüvvəyə minəcək, bu da Rusiya neftinə embarqonu nəzərdə tutur - Rusiyadan xam neft və bəzi neft məhsullarının alınması, idxalı və tranzitinə qadağa. 

"Bloomberg” yazır ki, Avropa İttifaqı Rusiya neftinin ixracının qiymətinin məhdudlaşdırılmasına dair son təklifini artıq yumşaldıb və onun tam icrasını təxirə salıb. Müttəfiqlər neft qiymətləri üzrə yuxarı həddinin tətbiqi tarixinə qədər 45 günlük keçid müddəti barədə razılığa gəliblər. Güzəştlər dekabrın 5-dən əvvəl yüklənmiş və yanvarın 19-dan əvvəl təhvil verilmiş neftə şamil ediləcək. Bundan əlavə, ölkələr limitdən yuxarı qiymətə satılan Rusiya neftinin daşınması üçün gəmilərə qeyri-müəyyən məhdudiyyətlər tətbiq etməmək qərarına gəliblər. Belə xidmətlər göstərənlərə 90 günlük qadağa tətbiq ediləcək. 

Nizami Bağırov