Sənət 13:13 16.12.2016

“Aktyor peşəsiylə pul qazana bilmirsənsə, bağışlanılmaz dərəcədə axmaqsan” - Con Malkoviç

Con Malkoviçin həyat qanunları.

Qaynarinfo.Az oxuculara dünya kinosunun ən özünəməxsus, istedadlı aktyorlarından biri 63 yaşlı Con Malkoviçin həyat qanunlarını təqdim edir. 

Hələ də əmin deyiləm, aktyor olmağım düzgün qərarıydı, ya yox. Axı mənim çoxlu imkanlarım vardı: mən məktəb avtobusu sürücüsü, malyar, yumurtalı kekslər satıcısı işləmişəm. Sonra canım sizə desin, yazı ləvəzimatları dükanında, meksikalılarla bir yerdə yaşıllaşdırma kantorunda işləmişəm: aloq otları təmizləyirdim. İndi bütün bunlar mənə imkan verir ki, aktyor olmasaydım, hansı işin qulpundan yapışa bilərdim ehtimalını düşünüm. Ancaq hər halda bildiyim bir şey var ki, özünü başqa insanların yerinə qoyub yaşamaq və bundan ətək-ətək pullar qazanmaq – bomba şeydi.

Bir şeyə həmişə əmin olmuşam, əgər aktyor peşəsiylə pul qazana bilmirsənsə, ya bağışlanılmaz dərəcədə axmaqsan, ya da faciəvi dərəcədə bədbəxt. 

Bir qayda olaraq insanlar kinoya çəkilməyə ya teatrda rol oynamaqdan bezəndə, ya pul qazanmaq istəyəndə, ya da sadəcə olaraq məşhurlaşmaq istəyəndə başlayırlar. 

Ən böyük, həm də ən faciəvi uğur odur ki, bunun hələ heç kim fərqinə varmayıb. 

Elədiyin hər şeyi kiməsə görə eləməlisən. Əks təqdirdə bunu eləməyin mənası yoxdur. 

Ümumiyyətlə götürsək, elədiyimiz şeylərin elə bir əhəmiyyəti yoxdur. Ancaq bu, kiminsə işini pis görməsinə bəraət qazandırmamalıdır. Yazı ləvəzimatları mağazasında işləyəndə, iş vaxtı mən ancaq ləvəzimatlar barədə düşünürdüm. Sonra evə yollananda, teatr barədə düşünürdüm. Öz stansiyamda düşür və studiyaya gedirdim. Səhərlər isə yuxudan oyanır, hansısa skrepkaları çeşidləmək üçün yenidən işə yollanırdım.  

Elə ilk gündən səhnə mənə asan gəlib: mənimçün o, evim kimidir. 

Kino – uydurma insanlar, hadisələr, əşyalar dünyasıdır. Nə vaxt ki, bu barədə dərindən düşünürsən, anlamağa başlayırsan ki, aktyorluq beş qəpiklik sənət deyil, mənasızdır. Hansısa bir anda isə öz-özünə deyirsən: lənət şeytana, bəs o, necə olur dünyanın mənzərəsini dəyişə bilir? Lap sonra da rahatlayırsan ki, istənilən şey barədə belə fikirlər yürütmək olar. Bank işlərindən tutmuş jurnalistikaya qədər. 

Elə rejissorlar var, səndən hər şeyi bir anda qoparmaq istəyirlər: sən onlar üçün həm prodüsser, həm ssenarist, həm də şəxsi psixiatr olmalısan. Elələri də var, sadəcə oturub gözləyirlər ki, sən çəkilişlər zamanı vurub boynunu qırasan, onlar da sənin siğortanı qapalar. 

Müasir rejissorların bütün bilikləri artıq çəkilmiş filmlərdən əldə edilib. Ona görə də, onlar sənə nəyisə izah eləmək istəyəndə, daim klassik kinolardan nümunə gətirirlər. Bir-birinə oxşar filmlərin bu qədər çox olmasının da səbəb elə budur. Ancaq mənim buna etirazım yoxdur. Belə filmlərə mən nəinki baxmağa gedirəm, üstəlik çəkilirəm də. 

Gördüyüm iş barəsində danışmağa o qədər də meyilli deyiləm. Axı heç fahişələr də işdən evə gələndə belə danışmırlar: “Əzizim, bu gün işdə elə bir minet elədim ki, gəl görəsən”.

Zənnimcə, mənim həyatım boyu oturub-durduğum kişilərdən daha çox qadın dostum var. Məni qadınlarda heyran edən şey onların psixoloji qətiyyəti, bir də səni dinləmək bacarıqlarıdır. Bundan başqa, onlar çətinliklərə daha asan sinə gərirlər. 

Qəşəng qadınlar olan yerə heç bir halda səndən daha yaxşı geyinmiş dostunla getməyə dəymir. 

Deyəsən, yaxşı geyimə olan marağım məndə hələ uşaq yaşlarımdan – hələ gombul balaca oğlan olduğumda yaranıb. Beyzbolu, futbolu əla oynayırdım, atam isə həmişə deyirdi ki, mənim beyzbol oynamaqdansa, beyzbol meydançasında olmaq xoşuma gəlir. Ola bilsin, həqiqət də elə bundadır.  

Bir müddət əvvəl idman zalına getməyə başladım, ancaq dürüst desəm, bu idman zalları ürəyimə yatmır. Onlar məni qorxudur. Ancaq qocalıq acizliyi məni daha çox qorxudur. 

İnanın mənə, hədsiz disiplinli insan ola bilərəm, amma disiplinli olmaq mənə həmişə kəmağıllılıq kimi görsənib. 

Siqaretlə münasibətlərim qəlizdir. Mən həmişə siqaret çəkməyən siqaret çəkən olmuşam. 

Babamdan, yaxud belə deyək, qardaşlarımdan fərqli olaraq, at yaşlarından biraz pul qazana bilirəm. 

Uşaqlarımın dünyaya gəlişinə qədərki həyatımı o qədər də yaxşı xatırlamıram. Təbii, hansısa xatirələr var, ancaq onların mənim xatirələrim olduğuna tam əmin deyiləm. 

Artıq neçə illərdir ki, mən heç kimə fiziki ziyan vurmamışam. 

Hər yerdə özümdən çıxa bilərəm, təkcə səhnədən başqa. 

Lap çox bundan qabaq, Fransanın əyalət şəhərlərinin birində yolla gedirdim, birdən məni bir yük maşını vurdu. O sürətlə gedirdi və mənə möhkəm dəydi. Bilmirəm sürücü məni gördü, ya yox, ancaq əyləcə basmayıb sürüb getdi. Mən gedib onu çatdım, açıq pəncərədən özümü içəri soxub sükanı tutdum. Dedim: “Əgər siz mədəni cəmiyyətdə kiməsə maşınla toxunursuzsa, ən azından maraqlanmalısız ki, bu adam salamatdır, ya yox”. O fikirləşib dedi ki, üzr istəyirəm. Mən də dedim: “Yaxşı, çalışın daha diqqətli olasız, onda hər şey həqiqətən yaxşı olacaq. Sizi daha saxlamıram”. Maşından aralanıb 300 metr getmişdim ki, birdən həmin yük maşını qabağımda qəfil dayandı. Sən demə, sürücünün məndən avtoqraf almaq yadından çıxıbmış.  

Mən demək olar Avropada 12 il yaşamışam, zənnimcə, avropalıların ən əsas səhvlərindən biri həmişə Amerikanı özünəməxsus mədəniyyətinə malik olmamaqda ittiham etməkdir. 

Siyasət necə şeydir sizə deyim: təsəvvür eləyək ki, sən birdən küçənizdəki ağacların hamısının xəstə olduğunu öyrənirsən. Və kimsə gəlib sənə deyir ki, demək belə, budaqları budayın, diblərinə su tökün, hər şey yaxşı olacaq. Ancaq daha bir nəfər peyda olur və deyir ki, xəstəliyin başqa ağaclara keçməsinin qarşısını almaq üçün onları dərhal kökündən kəsmək və yandırmaq lazımdır. Bu anda isə mən belə deyirəm: “Kim sübut edib ki, onlar xəstədir? Bu necə xəstəlikdir? Təbii xəstəlikdir, yoxsa insanlar yoluxdurub? Ümumiyyətlə, birinci bu söhbətə kim başladı? Onlar axırıncı dəfə mənim küçəmdə nə vaxt olublar?” Ancaq mən heç zaman bu suallara cavab tapa bilməyəcəm. Mən sadəcə bu söhbətləri eləyən insanları görəcəm, bəziləri deyəcək: kəsək və yandıraq, digərləri deyəcək: budayaq, qaydasına qoyaq. Mənə düşən isə onların arasında seçim etmək olacaq. Yox, yaxşı oğlanlar! Bağışlayın, amma mən deyilən sözlərə bir o qədər inanmıram. 

Hər şeyin necə olduğunu bildiklərini deyən insanlar məni qorxudur. 

Mən artıq uzun müddətdir nəzarət edə bilmədiyim şeylərə görə narahat olmuram. Siz qorxursuz ki, təyyarə bu dəqiqə düşəcək. Sizə nə dəxli var axı – siz pilotsuzmu?

Mənbə: Esquire jurnalı

Ruscadan tərcümə: Cavid Ramazanlı

Qaynarinfo.Az