İdman 15:19 08.05.2013

Aleks Ferqyusson “Mançester Yunayted” klubundan ayrılır

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusson karyerasını başa vurur.

 APA  xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Açıqlamada şotlandiyalı çalışdırıcıya xidmətlərinə görə təşəkkür edilir: “Ser Aleks Ferqyusson karyerasını bitirir. Çox sağ olun, ser Aleks”.

Qeyd edək ki, 72 yaşlı mütəxəssis baş məşqçi karyerasına 1974-cü ildə başlayıb. 39 illik çalışdırıcılıq karyerasının 27 ilini “Mançester Yunayted”də keçirən və əfsanəyə çevrilən Ferqyusson komandasına 20-ci - yubiley İngiltərə çempionluğunu qazandıraraq karyerasını bitirir.

1986-cı ildən bu klubda çalışan baş məşqçi çempionluqlardan 13-nün memarıdır. Bundan başqa, onun rəhbərliyi altında klublararası dünya çempionatı, Qitələrarası kubok, UEFA Superkuboku, 2 dəfə Çempionlar Liqası, Kuboklar kuboku, 5 İngiltərə kuboku, 4 Liqa kuboku qazanılıb.

Qaynar.info