Bu gün Ali Məhkəmədə 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən, Ağcabədi Rayon Polis Şöbəsinin müstəntiqi İqbal Nağıyevin barəsində Şirvan Apellyasiya Məhəkəməsinin çıxardığı bəraət qərarından verilən kassasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, qərar qüvvədə saxlanılıb. Məhkəmə İ.Nağıyevə bəraət verilməsini qanuni hesab edərək kassasiya şikayətini rədd edib.
Qeyd edək ki, 2012-ci il dekabrın 31-i, saat 21.10 radələrində Mingəçevir sakini Mehdiyev Cabbar Məmməd oğlunun idarə etdiyi 10 XO 538 dövlət nömrə nişanlı, "Mercedes” markalı avtomobil Ağcabədi sakini, 1985-ci il təvəllüdlü Nağıyev İqbal Adil oğlunun idarə etdiyi 90 DB 556 dövlət nömrə nişanlı, "Mercedes” markalı avtomobillə toqquşub.
Nəticədə sürücü C.Mehdiyev və onun avtomobilində olan sərnişinlər - Mingəçevir sakini, 1962-ci il təvəllüdlü Hacıyev Mübariz Əhməd oğlu Yevlax sakini, 1986-cı il təvəllüdlü Həsənov Qnyaz Ağəli oğlu və daha bir nəfər ölüb.
Qəzada xəsarət alan Yevlax sakini, 1987-ci il təvəllüdlü Ağayev Rauf Ağəli oğlu və 1982-ci il təvəllüdlü Əliyeva Pərvanə Vəli qızı Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriblər. R.Ağayev ambulator yardım aldıqdan sonra evə buraxılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Nağıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şirvan Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək İ.Nağıyevə bəraət verib.
Qərardan narazı qalan qarşı tərəf isə Ali Məhkəməyə kassasiya şikayəti verib.
Şərhlər