Xəbər lenti

Allah Adəmdən sonra insan yaratmadı... - ŞEİRLƏR
Sənət 11:53 04.08.2018

Allah Adəmdən sonra insan yaratmadı... - ŞEİRLƏR

Tural TURAN

Dua 

(Rüstəm Behrudiyə)

Əl açmaq - göydən asılmış tanrının 
Ayaqlarına dirəncək olmaqdı;
Əl açırıq asılmış və nəfəssiz birinin 
Ömrünü beş dəqiqəlik uzatmaq üçün. 
Dualar bitəndə qurtulur 
tanrılar insan yükündən. 
Bükülüb rahat yatırlar 
Seçilmiş kitab varaqlarında. 
İnanmasanız əl basaram alın yazıma...

Tanrının cənnəti yaratdığının 
Ağzında başlayıb gözündə bitir. 
Bizsə boyumuz boyda qaranlığın 
Cənnətinə inanırıq hələ də...
Hər dünyaya gəlişimizdə küsdürdük deyə,
Allah Adəmdən sonra insan yaratmadı...
Əlinizi yumun adamlar, 
Bəlkə qayıdıb insan oldunuz. 
Yığın sərgilərdəki 
uzunqol abır köynəklərini. 
Çıxarın üstünüzdən rəngi solmuş,
Kir basmış kentavr köynəklərini...
Söz olsun şamanınız, qamınız,
Sonuncu şaman olun hamınız.


Ciblərim bələk olub ayaq izlərinə...


Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə,
səndən sonra mamır uzaqlıqlar böyütdü 
bu daxmanın pəncərələri... 
Kaş bu evin güzgüsünü də aparaydın;
bələyəydin, böyüdəydin 
ayrılığın xalçasına kimsəsiz ilmə kimi 
düşməmək üçün.

...Qayıt, əlindən tut ayaqları keyimiş məhəccərlərin,
qayıt, qadınsız yaşaya bilmir bu evin döşəməsi.
Sən gedəli tavanlar iməkləyir döşəmənin üstündə.

Üşüməsin deyə ayaq izlərini 
bir cüt coraba büküb cibimə atmışam.

Ciblərim bələk olub ayaq izlərinə...
Qayıt, özün yürgələ ayaq izlərini.

Qayıt, beşiyində boğ, 
böyüməsin üç yaşlı çarpayı tənhalığı...
...Sən gedəli bu evin divarları da 
daş-daş göz yaşları tökür, qayıt...


Qaranlığın aydınlıq səsi...

(Bir xanım diktora. Hələ ki, adını açıqlamaq məsləhət deyil)

Boynuma hörüklü ümid kimi dolanır bu qadının səsi. 
Qulaqlarımda intihar edən hıçqırtıları 
ovucumda "göyərir". 
Gülüşlərim saç ağardır bir pıçıltının altında.
Gözlərimin səhnəsində əllərim köhnəlir, pərdə-pərdə üzümə çəkilir. 
Bu səsdə tanrılar ağı deyir təkliyinə.
Bu səsdə əzrailin üstünə ölüm kükrəyir. 
Əlləri qumbaralıdı bu iniltinin,
Çəliklə yeriyir alın yazısının üstünə.
Otuz iki dişin qanı batır bu səsdə...
Ağıların oxşamalara üzrxahlıq məktubudur bu səs...

Dayanır saatların nəbzi bir şeirlik. 
Bu səs ətini çürüdür əlimdəki şəkillərin, 
Sümüklərini divardan asır,
saralmış zamanların.
Ana bətnlərini hördüyü gödəkcəyə bükür.
Əlil qulaqların ayağından yapışır, 
Söykəndiyi çəliyi tullamaq üçün.
Bir qadın boğazında üşüyür ayaqları 
Bu səs payızına corab toxuyur...
Bütün alın yazıları dar ağacından 
bir ip uzunluğunda aşağıda qalacaq.
Dar ağacından bir intihar ipi boyu 
Yüksəkdə susacaq 
bu qadın diktorun səsi.
 
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->