Dünya 11:07 03.08.2018

"Alo" kəlməsi haqqındakı əfsanəni unudun: Bellin sevgilisinin baş hərfləri deyilmiş

Uzun illərdir internetdə yayılan bir hekayəyə görə hər gün işlətdiyimiz "ALO" kəlməsi guya onu icad edən Aleksandr Qrem Bellin sevgilisi Allessandra Lolita Osvoldonun adının baş hərfləridir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli tədqiqatçılar bu hekayənin həqiqətə uyğun olmadığını ortaya çıxarıblar.

Hekayədə qeyd olunur ki, Bell telefonu icad etdiyində sınaq üçün ilk zəngi sevgilisinin evinə edir və gənc qadın da hər dəfə dəstəyi qaldıranda, "Allessandra Lolita Osvoldo?", - deyə cavab verir. Beləliklə, zaman keçdikcə bu ad "ALO"ya çevrilir.

Lakin Allessandra Lolita Osvoldo ilə bağlı mənbələrdə heç bir qeydə rast gəlinmir. Digər bir tərəfdən Bellin şotland olduğunu və həyatının böyük bir hissəsini Şotlandiya, İngiltərə və Amerikada keçirdiyini nəzərə alsaq, ən azından ingilis mənbələrində "Allessandra Lolita Osvoldo" ilə bağlı bir neçə kəlməlik də olsa məlumat olmalı idi.

Qrem Bellin geniş yayılan bu fotosunu onun həyat yoldaşı Mabel Qardiner Habbard Bell çəkib.

Bell qısa müddət Bostonda yerləşən "Horace Mann School for the Deaf"da (Horace Mann eşitmə məhdudiyyətlilər üçün məktəb) çalışıb. Elə həyat yoldaşı ilə də burada tanış olublar. Mabel Qardiner Habbard Bell də eşitmə məhdudiyyətli idi. Məhz Qrem Bellin telefonu yaratmaqda məqsədinin əslində həyat yoldaşına eşitmə qabiliyyətini geri qazandırmaq olduğu yazılı mənbələrdə var. Həmçinin cütlük elə telefonun patentinin alınmasından 1 il sonra ailə həyatı qurublar. Yəni, o illərdə Qrem Bellin sınağı məhz sevgilisinin evinə zəng vurmaqla aparması uydurmadan başqa bir şey deyil.

"Hello"dan "Alo"ya

Tədqiqatçıların fikrincə "Alo" kəlməsi fransızların "hello"nun başqa versiyası kimi işlətdikləri "allo" sözündən gəlir.

Telefonun ilk icad edildiyi illərdə də hansı salamlama kəlməsindən istifadə edilməsi mövzusu aktual idi. Belə ki, Qrem Bell ingiliscə olan "Ahoy!" kəlməsinin işlədilməsinin tərəfdarı olsa da, Tomas Edison orta əsrlər dialektində yer alan və günümüzdə də geniş istifadə edilən "Hail!"in təhrif edilmiş forması olan "Hello!"nun istifadəsini uyğun hesab edirdi.