Quba rayonunda itkin düşmüş alpinistlərin meyiti helikopterlə Bakıya göndəriləcək.
"Report"un Şimal bürosunun məlumatına görə, onların meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək.
Qeyd edək ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.
Şərhlər