Ekonomiks 10:58 10.03.2020

Alternativ enerji qurğularını necə əldə edə bilərik? (RƏYLƏR)

Danimarka, Almaniya, Latviya, İspaniya kimi dünya ölkələrində əhali gündəlik həyatlarında bağlarda, kənd yerlərində, evlərdə və digər yerlərdə enerji tələbatlarını qarşılamaq üçün elektrik enerjisindən deyil, alternativ enerji növlərindən istifadə edirlər. Azərbaycanda isə adi məişət həyatımızda bu enerji növündən istifadə edənlərə əksəriyyətimiz rast gəlmirik. Görünən mənzərə odur ki, insanlarımızın əksəriyyəti bu enerji növlərinin əhəmiyyətindən, istifadə qaydalarından, onları istehsal etmək üçün lazım olan qurğuların satışından xəbərsizdirlər.

Qeyd edək ki, Azərbaycanda alternativ enerji qurğularının istehsalı, satışı və quraşdırılması ilə məşğul olan şirkətlər fəaliyyət göstərir. Ölkəmizdə bu sahəyə olan tələbatın səviyyəsini və bu qurğuları əldə etməyin yollarını öyrənmək məqsədilə həmin şirkətlərlə əlaqə saxlamışıq.

Ölkədə alternativ enerji qurğularının istehsalı və satışı ilə məşğul olan şirkətlərdən biri, "Helind” MMC-nin biznes meneceri Orxan Quluzadə "Report”a verdiyi açıqlamada bildirib ki, bu cür qurğular əsasən dövlət qurumları tərəfindən alınır:

"Biz həm alternativ enerji istehsal edən sistemin quraşdırılması, həm də onun hissələrinin istehsalı ilə məşğuluq. Bu hissələrə kontrollerlər, izləmə qurğuları və digər hissələr daxildir. Adi günəş panelindən fərqli olaraq bizim quraşdırdığımız sistem günəşi izləyə bilir. Paneldə 15 dəqiqədən bir yenilənmə gedir və hərəkət bu vaxta görə tənzimlənir ki, bu da faydalılığı artırır. Məhsullarımız çoxdur. Təkcə kontrollerlərin 10-a yaxın çeşidi var. İstehsal etdiyimiz qurğuları xaricə də ixrac edirik. Amma sistemi xaricə ixrac edə bilmirik. Çünki sistemin quraşdırılması üçün özümüz getməliyik. Bizdə isə belə bir xidmət yoxdur.



Alternativ enerji sistemində 5 komponent var. Panellər, külək turbini və su turbini enerji verən tərəfdir. Kontroller enerjini bunlardan alaraq tənzimləyir və invertor akkumulyatorda olan enerjini məişətdə işlətdiyimiz enerjiyə çevirir. Akkumulyatorla paneli biz istehsal etmirik. Amma kontrolleri istehsal edirik. Gələcəkdə invertorun da bir neçə çeşidini istehsal edəcəyik. Sistemin təqribən 25%-ni özümüz istehsal edirik. Günəş panelini isə yerli firmadan alırıq.

Bizdə ofis, anbar və istehsal sahəsi bir yerdə yerləşir. Sifarişlər adətən dövlət layihələri üçün olur. Çünki fiziki şəxslər bu mövzuda çox da məlumatlı deyillər. Ona görə də biz müəyyən PR layihələr edirik ki, sosial şəbəkələrdə paylaşaq, insanlar görsünlər ki, bu qurğular var və faydalıdır. Bəzi hallarda dövlət layihələrində iştirakımızı rahatlıqla ictimaiyiləşdirə bilmirik. Ona görə də ictimaiyiləşdirə bildiyimiz əsasən fərdi sahibkarlar üçün göstərdiyimiz xidmətlər olur. Alıcı kütləsini əsasən dövlət qurumları formalaşdırır. Adi vətəndaşlar isə bu qurğulardan əsasən elektrik enerjisi təchizatından uzaq olan yerlərdə, fermalarda, dağlıq ərazilərdə istifadə edirlər. Şəhərdə isə az hallarda villalarda istifadə olunur. Şəhərdə bu qurğulara ciddi tələb yoxdur.



Kontrollerin üstünlüyü odur ki, biz məhsulumuzu istədiyimiz formaya sala, modifikasiya edə bilirik. Eyni zamanda sistemdə hər hansı bir problemin yaranmasına nəzarət edə bilirik. Əgər, tutalım, biz bir monitorinq xidmətin 500 manata təklif ediriksə, xarici şirkət bu xidməti 5 min dollara təklif edir. Yerli istehsaldan istifadə etməyin üstünlüyü təkcə qiymətdə deyil. Burada servisin də əlçatanlığı məsələsi var. Xaricdən gətirilən istənilən brend məhsulda dalbadal istifadədən sonra müəyyən problemlər ortaya çıxa bilər. Bunun bərpası üçün qarantiya müqaviləsi əsasında xaricdən mal gətirmək 20-30 gün vaxt aparır. Yerli istehsalda isə bu kimi problem olmur. Müştəri bizə qurğuda yaranmış hər hansı bir problemlə müraciət etdikdə dərhal reaksiya verə və müdaxilə edə bilirik. Qiymətlərə gəldikdə isə, indi insanlar qiymətlərdən şikayət etsə də, dünyada bəlkə də ən aşağı marja ilə işləyən firmalar Azərbaycandadır. Səbəb odur ki, ölkəmiz neft ölkəsidir və burada elektrik enerjisi dünya standartlarından çox ucuzdur. Nəticədə biz elektrik enerjisi ilə rəqabət apara bilmirik. Ona görə də məhsullarımızı ucuz satırıq, marjanı az qoyuruq və müəyyən güzəşt kampaniyaları edirik”.
 
"Alternativ enerji qurğularında istifadənin faydası odur ki, insan özü üçün alternativ enerjidən istifadə edir və onun izafi həcmini paylayıcı şirkətlərə satır"
 

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə bildirib ki, bizdə keyfiyyətli panellərin satışı ilə məşğul olan mağazalar mövcuddur:

"Azərbaycanda alternativ enerjidən istifadə ilə bağlı qanun layihəsi işlənir. Alternativ enerji qurğularında istifadənin faydası odur ki, insan özü üçün alternativ enerjidən istifadə edir və onun izafi həcmini paylayıcı şirkətlərə satır. Bununla bağlı bizdə hələlik heç bir qanunvericilik aktı yoxdur. İkinci tərəfdən, insanın özünün bundan istifadə etməsi üçün heç bir qadağa da yoxdur. İnsanlar özləri fərdi şəkildə bu qurğulardan yararlana bilərlər.

"Sədərək" Ticarət Mərkəzində "Solar” mağazası var. Orada Çindən gətirilən panellər var ki, onların faydalı iş əmsalı Sumqayıtda istehsal olunan panellərdən yüksəkdir. Mən özüm bir ekspert kimi oradakı qurğularla maraqlanmışam. Azərbaycanda bir sıra biznes obyektləri, motellər, əyləncə mərkəzləri bu cür qurğulardan quraşdırıblar. Lakin qeyd edim ki, alternativ enerji qurğuları çox bahalıdır. Özüm də bir dəfə quraşdırmaq istədim. Bildirdilər ki, təqribən 4-5 kilovatlıq enerji tutumu olan bir bağın enerji təchizatını təmin etmək üçün 12-15 min manatlıq xərc lazımdır”.