Ekonomiks 22:46 01.08.2018

Altı ay ərzində “Şahdəniz”dən 5 milyard kubmetr təbii qaz çıxarılıb

İlin birinci yarısında "Şahdəniz” yatağından 5 milyard kubmetr təbii qaz və 1,1 milyon ton (təqribən 9 milyon barel) kondensat hasil edilib.

Bu barədə AZƏRTAC-a "BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud "Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 32 milyon standart kubmetr və ya ildə təqribən 10,9 milyard kubmetrdir.

"Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan ("GOGC” şirkətinə) və Türkiyə ("Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib.

Yanvar-iyun aylarında "Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 250 milyon dollar əməliyyat və 798 milyon dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2” layihəsinə aiddir.

"Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), "SGC Upstream” (6,7 faiz), "Petronas” (15,5 faiz), "LUKoil” (10 faiz), "NICO” (10 faiz) və "TPAO” (19 faiz).