Xəbər lenti

Amare (Absurd hekayə)
Nel Natiq
Sənət 14:32 25.02.2020

Amare (Absurd hekayə)

Nel Natiq

 
Sakitcə balkonda dayanıb bir neçə dəqiqə şəhərin görüntüsünü seyr edəndən sonra qayıdıb içəri keçdim. Stolun arxasına oturub noutbukda "yeni işlər” qovluğunu açdım və yarımçıq qoyduğum dünənki faylı tamamlamaq üçün axtarmağa başladım. Bu proses digər otaqdan gələn, qəbulda oturan qızın telefondakı müştərini başa salmağa çalışan uzunçu, işinə mənasız dərəcədə həddindən artıq önəm verən səs tonu ilə müşayiət olunurdu. İnsanların elədikləri, xüsusilə də texniki işlərə belə özlərini qapdırmaları məndə həmişə ikrah hissi doğurub. Bu hiss elə artdı ki, elə bildim indi özüm də eləməkdə olduğum iş tərəfindən udulacam, tamam özümü itirəcəyəm. Buna öz aləmimdə etiraz edər kimi, əllərimi klaviaturadan çəkərək ayaqlarımın ucu ilə astaca kreslomu arxaya doğru itələyib, özüm də kresloya sərildim. Gözlərim otağın o başındakı pəncərəyə dikilmiş vəziyyətdə, əllərim isə vecsiz hərəkətləri ilə sinəmə tökülmüş saçlarımla oynayarkən təsadüfən barmağımın ucunun boşluğa düşməsindən diksinərək atıldım. Əllərimi yenidən paltarın üstü ilə asta-asta gəzdirməyə başladım. Barmaqlarımı sürətləndirdim, əlimlə toxunaraq təkrar-təkrar yoxladım. Yanılmamışdım, sol tərəfimdə, döş qəfəsimin üstündə ovcumun içi boyda yer orda yox idi...

Həyəcandan ayağa qalxdım, tez qaçıb güzgüyə baxdım, bəli, yox idi, paltarımı qaldırıb altını yoxladım, ora boş idi. Sonra burda çəkilən əvvəlki şəkillərə baxanda hamısında sol tərəfimin yumruq boyda yerində paltarımın şuxluğunun pozulduğunu, altının boş olduğunun aydın şəkildə hiss olunduğunu gördüm. İndiyə qədər bunun necə fərqinə varmadığımı bilmirdim. Lakin indi əmin idim ki, o orda yox idi və sanki heç vaxt da olmamışdı...

Bir neçə saniyə ayaq üstdə dayanıb ətrafa diqqət etdim, gördüyüm mənzərənin təsiri ilə özümü itirib kresloya yıxıldım. Heç kimdə yox idi, paltarlarının döş qəfəslərinin sol hissəsinə doğru duruşuna diqqətlə baxanda aydın şəkildə bilinirdi ki, hamısının altı boşdur.

Gördüklərimə yaxından əmin olmaq üçün qızlardan birinə yaxınlaşdım, sənədlə bağlı sual verirmiş kimi başının üstündən stola əyiləndə köynəyinin iri döşlərini göstərən açıq sinəsindən sol döşünün üzəri göründü. Amma bu gördüyüm mənzərə bayaqkından da təəccüblü idi, həmin yerə kağız-kuğuz doldurmuşdu. Deməli, bunu çoxdan bilirdi, məndən fərqli olaraq  lap çoxdan. Amma oranı niyə kağız-kuğuzla doldurduğunu anlamaqla çətinlik çəkirdim..

Yerimə qayıdanda mənə elə gəldi ki, bütün dolablar, dolablardakı sənədlər biraz da artıb, yeddi qat olub üstümə gəlir. Stolumun üstündəki hər şey, əşyalar, sənəd yapışdıranlar, noutbuk, yarımçıq qalan işlər, fayllar paltarlarımı dartıb didişdirməyə başladı. Bir neçə saniyə yerimdən tərpənə bilmədim.

Özümü toparlayıb hamısını əlimlə toxunub yerə saldım, çantamı və burda olmağımın əvəzində mənə verilən pula aldığım onun içində olan bütün lazımsız seyləri, üst paltarımı ordaca buraxaraq tələsik addımlarla qapıya doğru yüyürdüm. Qeydiyyatdakı qızın maraqlı baxışlarının sonuncu dəfə üzərimdə necə gəzişdiyini hiss etdim. Lifti gozləməyə səbrim catmayıb pilləkənlərə qoyuldum, doqquz mərtəbəni sürətlə aşağı düşəndə saçlarım havada dalğalanırdı. O anda özümü nəyəsə görə qəhrəman kimi hiss edirdim. Sonuncu mərtəbəyə çatıb, binanın qapısından çölə çıxdım...

Qapının qabağında başımı qaldırıb qarşıdakı hündür binadan yuxarıda görünən səmaya baxdım, uzaqdan və yaxından gələn min bir dənə səsin bir-birinə qarışıb ortaya çıxardığı şəhərin səsi deyilən o gurultunu yalnız indi həqiqətən eşidə bilir, nəfəsini duyurdum. Bu anda sol tərəfimdən zəif döyüntü eşitdim, əlimlə yoxladım, özünə gəlmək istəyirdi...

Orda çox qalmayıb, özümü küçədəki insanlar və maşınlardan ibarət kütlənin arasına atdım. Gah səki, gah maşın yolu ilə hərəkət edərək mahnı oxuya-oxuya, rəqs edə-edə şəhərin mərkəzinə doğru gedirdim.

Biraz da gedəndən sonra qabaqda insanların toplaşdığını gördüm, onlar yüksək səslə nə isə qışqırır, hansısa kəlimələri təkrarlayırdılar. Lap yaxınlaşanda hamısının əllərində qışqırdıqları sözlərə bənzər sözlər yazılan kardon kağızdan lövhəciklər tutduğunu gördüm. Onların belə acıqla nə qışqırdıqlarını, kimə qışdırdıqlarını, niyə asta-asta demədiklərini və ən əsası qışqırdıqları adamın harda olduğunu və niyə gəlib onları sakitləşdirmədiyini anlamırdım. Kardonları əlləri ilə göyə qaldırdıqca, indi daha yaxşı eşitdiyim "liberum electionibus”[1] sözlərini daha hərarətlə, daha da bərk qışqırırdılar. Bu sözlərin mənasını və nə etməyə çalışdıqlarını soruşanda mənə başa saldılar ki, onlar bunu edirlər ki, mən danışanda başqaları məni dinləsin. Bu fikir xoşuma gəldi, çünki bəzən nə qədər önəmli olsa da, demək və çatdırmaq istədiyimə qulaq asmayan insanlardan yorulmuşdun. Bundan sonra, mən də onlarla birlikdə "liberum electionibus” deyə qışqırmağa başladım, qışqırdıqca eşidilmək fikri daha da xoşuma gəlir, daha da hündürdən qışqırırdım. Bu anda sol tərəfimdən bir qədər sönük olsa da bayaqkından bərk olan döyüntü səsi eşitdim, ehtiyatla kardonu yerə qoyub köynəyin altına baxdım, qayıtmaq istəyirdi, lakin yenə də yeri tam dolmamışdı.

Orda da çox qala bilməzdim, məni ofisdən çölə atan səbəb indi də buradan harasa şəhərin daha dərinliklərinə doğru itələyirdi. Ordan ayrılıb yenə az qala uça-uça küçələrin ortası ilə şəhərin içərilərinə doğru irəliləyəmə başladım. Günortaya az qalırdı, yavaş-yavaş küçələrdə adamlar və maşınlar artır, səs-küy çoxalırdı. Hava da soyuq deyildi, günəş qalxmışdı, şəhər canlanırdı, lakin heç harda dayanmaq istəmirdim, artıq heç bir yerdə məni heç nə saxlaya bilməzdi. Külək kimi uçub hamının üzünə-gözünə çırpılaraq keçib-getmək istəyirdim bütün şəhərdən. Beləcə gəlib düz şəhərin mərkəzinə çatdım...

Tam şəhərin mərkəzindəki meydanda yenə bir topa insan yığını gördüm, amma bunlar heçnə qışqırmırdılar, sakitcə dairə formasında dayanıb nəyəsə tamaşa edirdilər. Ətrafda dolaşan oğlanın əlində tutduğu lövhədə "teatrum”[2] yazılmışdı.Yaxınlaşıb nəyə belə diqqətlə baxdıqlarını bilmək istədim. Gördüyüm mənzərə məni olduqca təəccübləndirdi, dairənin ortasında həddindən artıq qəribə kostyumlar geyinmiş 3-4 adam dayanmışdı, hansı ki əvvəllər insanların belə paltarlar geyindiyini heç görməmişdim; bir-birinə zidd, göz qamaşdıran rənglərdə olan kostyumlarının yarısı çox dəbdəbəli olsa da, qalanı ya yırtılmış vəziyyətdə, ya da tamam yox idi. Dairənin ortasında dayanıb üzlərində qəribə mimikalar yaradır, bir-birlərinə yüksə səslə nəsə deyir, əcaib hərəkətlər edirdilər. Sonra birdən mahnı başlayır, mahnı ilə birlikdə dəli kimi özlərinin qeyri-adi rəqslərini edirdilər. Yenə birazdan mahnı dayanır, əvvəlki kimi bir-birlərilə nəsə danışmağa davam edirdilər. Bütün bunların nə demək olduğunu anlaya bilmirdim. Yanımda dayanıb tamaşa edənlərin birindən onların niyə belə etdiklərini soruşanda mənə dedi ki, onlar istəyirlər ki, sən onlara baxanda ağladığında, sevindiyində, pis bir şey yaşadığında, sevdiyində, acıqlandığında keçirəcəyin hisləri keçirəsən, həmin an hiss edəcəklərini hiss edəsən. Bunu niyə istədiklərini soruşanda isə "insanlar bir-birini daha yaxşı anlasınlar deyə”- cavabını verdi. Bu fikir də çox xoşuma gəldi, çünki bəzən nə qədər pis olsam da bunu insanlara göstərə bilmirdim, hamısının çöldən görünəcək nişanələri olmurdu, bunu onlara başa salmaq üçün çoxlu çətin cümlələr qurmağa məcbur olurdum, bəzənsə heç bacarmırdım..

Dayanıb mən də tamaşa eləməyə başladım, artıq sanki onların əcaib hərəkətləri və danışıqları mənə qəribə gəlmirdi, mimikalarına məna verməyi bacarırdım.

Lakin birazdan ordan da ayrıldım, artıq axşama doğru idi, daha günəş parıldamırdı. Sərin külək əsirdi. Yenə yoluma davam edib, şəhərin əvvəllər tanımadığım küçələri ilə dolaşırdım. Axşama doğru şəhərin birazdan sönmək üzrə olan səs-küyü yenə artmağa başlamış, "Landmark”ın pəncərələrinə düşən sarı günəş işığı qırmızı ilə əvəz olunmuşdu. Bu mənzərə onu görənləri bir günün daha bitməsinin, gərginliyin azalmasının verdiyi xəfif rahatlıq hissinə bürüyürdü. Mən də qəlbimdə bu şirin, sakit hislərlə insanların arası ilə şütüyür, onları bir-bir ötüb keçirdim, heç kimə, demək olar ki, fikir vermir, baxışlarımı heç nəyin üzərində çox saxlamır, bir yerdə dayanmamanın verdiyi xoşbəxtliyi yaşayırdım.

 Elə bu dəmdə, yan küçə ilə sürətlə keçib gedən bir sima diqqətimi qəribə şəkildə çəkdi. İlk öncə onun nə olduğumu anlaya bilmədim. Ayaq saxlayıb geri döndüm, gözümə sataşan o simanın kimin olduğunu insanların arasından boylana-boylana aydınlaşdırmağa, onu tapmağa çalışırdım. Sanki gözlərində bütün bu axında indiyə qədər gördüklərimə bənzəməyən  bir şey var idi və birdən mənə elə gəldi ki, onu ikinci dəfə görmək indi həyatımda ən çox istədiyim şeydir, bir anda bütün varlığım bu arzu ilə tutuşdu. Həmin an sinəmdəki bayaqkı yerin tamamilə dolduğunu, boşluğun qalmadığını hiss elədim. İndi sanki ürəyim boğazıma qədər gəlmişdi və ordan çıxmaq istəyirdi.  

Qaça-qaça arxasınca getdim və küçənin başındakı döngəyə çatanda onu yenidən gördüm, keçib o biri küçəylə harasa tələsə-tələsə yoluna davam edirdi. Alnına tökülən azca qısa, qaraşın saçlarını külək dağıtmışdı, qaşları çatılmışdı və üzündəki mimikadan ətrafındakı heç kimə və heç nəyə fikir vermədiyi bəlli idi. Üzünə baxanda adama elə gəlirdi ki, beynində nəsə uzun zamandır həll etməyə çalışdığı, lakin heç cür içindən çıxa bilmədiyi, onu əldən salmış, varlığına hakim kəsilmiş bir məsələ ilə əlləşir. Gözləri bir nöqtədə dayanmırdı, bütün varlığından içindəki təlatüm hiss olunurdu. Arıq və təmiz üzündəki, xüsusilə çənə və yanaqlarındakı sümüklərin aydın bilinməsi görünüşünə azca kədərli, amma olduqca çəkici ahəstəlik verirdi. Dizinə çatan bozarmış qara paltosu arıq bədəninə boş dayanırdı. Şərf olmayan boğazını küləkdən qorumaq üçün paltosunun yaxalıqlarını arada əli ilə qaldıraraq boynuna sıxır, çiyinlərini bükürdü. Küləkdən qovrulmuş nazik əllərinin dərisinin necə qızardığı uzaqdan görünürdü. Əlində üstündə nəsə yazı olan balaca dəftərçə tutmuşdu, amma nə qədər çalışsam da uzaqdan nə yazıldığını oxuya bilmirdim. Nəhayət növbəti döngəyə çatanda var-gücümlə sürətlə irəliləyərək ona ən yaxın məsafəyə çatdım və çətin də olsa dəftərçənin üstündəki sözü oxuya bildim. "Amare”[3] yazılmışdı, bu sözün nə demək olduğunu bilmədim, amma səslənişi o qədər xoşuma gəlmişdi ki, hey öz-özümə təkrar etmək istəyirdim..

 O isə bir küçədən o birinə keçərək ətrafındakı heç nəyə fikir vermədən, bir saniyə belə dayanmadan iri və sürətli addımlarla gedirdi. Mən də onun ardınca "amare”, "amare” deyə-deyə küçələri küçələrə dəyişir, hara gedirdisə o tərəfə doğru şəhərin dərinliklərinə dalırdım. Sol tərəfimdə ürəyimin döyüntülərini artıq dayanıb yoxlamadan belə eşidə bilirdim. Şövqlə sinəmdə vurur, heç vaxt atmadığı kimi atırdı. Bu döyüntünün məni həyəcanlandırıb həvələndirməsindən elə sevinirdim, küçələri quş kimi qanad açıb elə ötürdüm ki, artıq günəşin demək olar ki, tamam batmasından, saatların necə keçməsindən xəbərim olmamışdı. Başımı qaldıranda günəşin ən sonuncu şüaları uzaqdan görünən "Landmark”ın 24-ci mərtəbəsində bu günlük tamamilə sönməzdən əvvəl sonuncu dəfə parıldayırdi. O isə dayanmırdı, bir saniyə belə nəfəsini dərmirdi, birdən fərqinə vardım ki, artıq şəhərin adamların sıx olduğu küçələrindən tamamən aralaşaraq dar, təkəmseyrək adamların göründüyü kənar küçələrinə çatmışıq. Ətrafda  alçaq binalar və balaca evlər var idi. Səmada Ay yupyumuru olub aydın şəkildə görünürdü. Mən tamamilə əldən düşmüşdüm, o isə dayanmır, arxasına baxmadan gedirdi. Sanki əvvəlcədən beynində tutduğu harasa çatana qədər dayanmamağı qərarlaşdırmışdı. O qədər surətli və iri addımlarla yeriyirdi ki, artıq demək olar ki, ona çatmağım mümkünsüz idi, zəif bədənim tamam əldən düşmüşdü, amma yenə də dayana bilmir, hara gedirdisə o küçələrlə izinə düşüb gedirdim. Bir neçə saat sonra artıq dizlərimdə nə taqətim, nə də sinəmdə nəfəsim qalmışdı. Lakin, edəcək bir şey yox idi, başa düşmüşdüm ki, sonuncu nəfəsimi verənədək dayana bilməyəcəm. Bir qüvvə məni onun arxasınca sürükləyirdi, elə bilirdim dayansam bugün səhər qazandığım və bütün gün məni şəhərin bu başından o başına, bu küçədən o küçəyə quş kimi uçuran xoşbəxtliyim yenə uçub gedəcək, dayanıb geri dönsəm bayaq dolaşdığım küçələrdə şütüyən insanlar hamısı mənə boz insan kütləsindən başqa bir şey kimi görünməyəcək, nə səma, nə yarpağını tökmüş ağaclar, nə də günəşin gün boyu rəngdən rəngə düşən şüaları qəlbimi titrədə, məni həyəcanlandıra bilməyəcək. Bu hiss ani, çox ani olaraq beynimə gələndə bütün bədənimi qorxudan elə titrədirdi ki, taqətdən düşmüş dizlərimə sanki yenidən güc gəlir, ayağa qalxıb yoluma davam edirdim. Saçlarım üzümə dağılmış, yupkamın ətəkləri yıxılaraq yerə sürtülməkdən yırtılmış, üzümü-gözümü başdan ayağa tər basmışdı. Amma içimdəki qorxu elə güclü idi ki, onun qarşısında dayanmağım mümkünsüz idi...

 Gözlərimi açanda Ayın artıq zəifləmiş silueti qarşımda göyün düz ortasında dayanmışdı. Deyəsən artıq səhər idi, dan yeri sökülürdü. Dar, qaranlıq küçələrinin birinin divarının dibində yerdə uzanan vəziyyətdə tapdım özümü. Çox guman ki, gecə tamamən əldən düşüb huşumu itirmiş, yıxılıb elə düşdüyüm yerdəcə qalmışdım. Anidən niyə orada olduğum yadıma düşdü, diksinib həyəcanla ayağa qalxdım, anladım ki, onu itirmişəm, həm də birdəfəlik. Daha yerini heç cür tapa bilməyəcəkdim. O an qaçıb, qapı-qapı dolaşıb hər yerdə onu axtarmaq fikri ildırım kimi beynimdən keçdi. Bir neçə saniyə sonra isə bu fikrimin nə qədər mümkünsüz və reallıqdan uzaq olduğunu hiss etməyimdən doğan çarəsizlik hissi bütün ağırlığı ilə üstümə çökdü, əllərim, qollarım boşaldı, yerə oturaraq tərpənmədən eləcə hərəkətsiz  vəziyyətdə qaldım..

Səhəri gün ofisdəki yerimdə kompyuterimin qabağında oturub həmişə oxuduğum saytda xəbər başlıqlarına baxırdım. Yarımçıq qalmış işimi artıq tamamlamışdım. Saytda arada maraqlı gələn nəsə görəndə onları iş yoldaşlarımla müzakirə edir, hətta bəzən nəyəsə zarafat edib gülürdüm. Sol tərəfimdəki yer tamam bomboş idi, səsi də kəsilmişdi. Mənə elə gəldi ki, başqalarının bunu başa düşməsindən çəkinirəm, lakin artıq bunun da çarəsini tapmışdım. İki A4 vərəqini səliqə ilə 4 yerə bölüb, hər hissəni əlimdə yumurlayıb həmin boşluğa yerləşdirdim. Belə olanda paltarın altındakı boşluq üstdən çox bilinmirdi. Bundan sonra çalışacaqdım ki, artıq həmişə daha boş və mümkün qədər sinəsi açıq olmayan paltarlar geyinim...

________________________________________
[1] "azad seçki”  (latıncadan tərcümədə)
[2] "teatr”  (latıncadan tərcümədə)
[3] "sevgi”  (latıncadan tərcümədə)


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->