Ölkə 20:09 28.05.2020

AMB xüsusi layihə hazırlayır

"Sığortanın əlçatanlığının təmin edilməsi məqsədilə elektronlaşmaya xüsusi diqqət yetirilir. Bu da istehlakçıların sığorta məhsullarına əlçatanlığında əhəmiyyətli rol oynayır”

Qaynarinfo-nun məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov AzTV-nin efirində yayımlanan "İqtisadiyyat xəbərləri" verilişində bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə həm icbari sığorta növləri, həm də könüllü sığorta növləri üzrə sığorta xidmətlərinin elektron qaydada aparılması təmin edilib: "Həmçinin sığorta məhsullarının təmin edilməsi, sığorta hadisəsi baş verdikdən sonra sığorta hadisələrinin tənzimlənməsində elektronlaşma və elektron vasitələrdən istifadə edilməsi sığorta şirkətlərinə tövsiyə edilib”.

V.Qurbanov deyib ki, istehlakçıların hüquqlarının qorunması məqsədilə Mərkəzi Bank istehlakçılar və sığorta şirkətlərilə görüşlər keçirir, ekspertlərlə müzakirələr aparır: "Hazırda istehlakçıların hüquqlarının qorunması məqsədilə xüsusi layihə üzrə işlər davam etdirilir. Bu dəyişikliklər qanunvericilikdə də öz əksini tapacaq”.