Ölkə 12:35 17.03.2018

AMEA: Arxeoloqlarımızın tədqiqatları ilə bağlı yalan fikirlər səslənir

"Son vaxtlar bəzi sosial şəbəkələrdə Azərbaycan arxeoloqlarının Qarabağda apardığı tədqiqatlarla bağlı həqiqətdən uzaq bəzi fikirlər səslənir. İşğal altındakı abidələrimizdə düşmən tərəfinin apardığı "qazıntlar” haqqında jurnalist təxəyyülünün məhsulu olan yarım səhifəlik yazı və bir neçə şəkildən qaynaqlanan bu fikirlərdə alimlərimizin zəhmətinə kölgə salınır, ictimaiyyətə yalnış məlumatlar çatdırılır".

Qaynarinfo xəbər verir ki, məlumatı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, əslində belə məsuliyyətsiz, qərəzli yazıların arxeologiya elmindən xəbərsiz müəllifləri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında apardıqları qeyri-qanuni arxeoloji qazıntıları təbliğ etməklə məşğuldurlar:

"Düşmən tərəfinin ortaya atdığı yalanlar kifayət qədər elmi biliyi və ya məlumatı olmayan şəxslərdə yalnış fikir formalaşdırır. Məsələn, bədxahlar xəbər yayır ki, Şuşa ətrafında tunc dövrünə aid kurqanlar aşkar olunub. Halbuki hələ 130 il əvvəl Emil Reslerin hesabatlarında həmin kurqanlardan bəhs olunmuş, Sovet dövründə alimlərimiz onlar haqqında əsərlər yazmışlar. Yaxud "Qarabağda daş heykəllər tapıldı” kimi başqa bir xəbər yayılır. Amma çoxları bilmir ki, ötən əsrin 80-ci illərində həmin heykəllər haqqında tarix üzrə elmlər namizədi Mübariz Xəlilov dissertasiya işi yazıb, hətta İrəvanda həmin işin avtoreferatı çap olunmuşdu. Lakin erməni alimləri ona dissertasiya işinin müdafiəsinə imkan verməyib, ona mane olduqlarına görə müəllif elmi işini sonradan Moskvada müdafiə etməyə məcbur olmuşdur.

Düşmən işğalçı əməllərini ört-basdır etmək üçün belə fikir formalaşdırır ki, guya Qarabağda heç bir abidə (hətta Azıx, Tağlar, Qaraköpəktəpə, Govurqala məskənləri, Xocalı kurqanları) tədqiq edilməyib, qeydə alnmayıb. Bununla da Qarabağ abidələrini yeni müstəvidə elmi ictimaiyyətə təqdim etməyə cəhd edirlər. Onların bu niyyətini anlamaq çox da çətin deyil".