AMEA-da mənzil qalmaqalı: sakinlərdən akademikə növbəti etiraz

AMEA-da mənzil qalmaqalı: sakinlərdən akademikə növbəti etiraz

Azərbaycan Milli Elmlər Alademiyasının (AMEA) prezidenti Akif Əlizadənin iyulun 7-də verdiyi açıqlama aspirantlar yataqxanasının sakinləri tərəfindən etirazla qarşılanıb. Ev bölgüsünün ədalətsiz şəkildə aparıldığından şikayətçi olan sakinlərin "Qaynarinfo"ya ünvanladığı məktubu təqdim edirik:

"Problemin mahiyyəti:

22 fevral 2011-ci il tarixdə AMEA-nın mərhum prezidenti Mahmud Kərimov Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 12 ünvanında yerləşən yataqxanada uzun illərdir yaşayan AMEA alimlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə həmin sakinlərin mənzillə təmin olunmasına və yaxud həmin yataqxananın özəlləşdirilərək orada yaşayan sakinlərin mülkiyyətinə verilməsinə köməklik göstərməsi barədə müraciət ünvanlayıb. Bundan əlavə aspirantlar yataqxanasının 20 ildən artıq dövrdə yaşayan daimi sakinlər də Azərbaycan Respublikasının prezidentinə 27.09.2012 və 20.10.2012-ci il tarixlərdə ünvanladıqları teleqramlarla müraciət edib və prezident İlham Əliyev müsbət cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinə bu barədə göstəriş verib. 14 noyabr 2012-ci il tarixdə “Sifarişçi” tərəf olaraq AMEA-nın mərhum prezidenti Mahmud Kərimov və “Podratçı” tərəfdən "Evrostroy-S" MMC arasında Podrat Müqaviləsi bağlanılıb (sənədlər əlavədə göstərilib).

AMEA-nın aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin 564 saylı Sərəncamı 19.12.2012-ci il tarixdə H.Abutalıbov tərəfindən imzalanıb (sənədlər əlavədə göstərilib). Bundan sonra "Evrostroy-S" MMC AMEA-ya məxsus 0,66 ha torpaq sahəsində AMEA ilə bağlanmış müqavilənin 1.1-ci bəndinə müvafıq olaraq həmin yataqxanaya aid olan ərazidə aspirantlar yataqxanasında yaşayan sakinlər üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını Sifarişçiyə təhvil verməyi öz öhdəsinə götüüb və artıq işlər yekunlaşıb.


Mənzillərin bölünməsi ilə əlaqədar olaraq AMEA-nın yeni yaratdığı komissiya (məlumat olaraq bildirmək istəyirik ki, indiyə qədər AMEA 4-5 dəfə müxtəlif tərkibdə mənzil bölüşdürmə komissiyası yaradıb - bu da çox maraqlıdır) 13 iyun 2017-ci il tarixində püşkatma yolu ilə 54 mənzilin bölgüsünü həyata keçirib və yerdə qalan 50-dən artıq 20 ildən çox müddətdə yataqxana şəraitində yaşayan sakinlər ev bölgüsündən kənarda qalıb. Guya mənzil bölgüsü zamanı əməkdaşların elmi dərəcəsi, ailə vəziyyəti və ailədə imtiyaz verən digər hallar nəzərə alınıb. Necə nəzərə alınıb ki, tikinti başlayanda hər bir sakinlə razılıq əldə olunmuşdu ki, (hazırda yataqxanada yaşayan sakinlərin mənzillərinin sahəsi 22.5 m2 təşkil edir) yeni mənzillərdə evlər 65 m2 olmaqla bu yataqxanada yaşayan sakinlər arasında püşkatma yolu ilə bölüşdürüləcək. Çox maraqlıdır, görəsən hansı statusları və elmi nailiyyətləri nəzərə alınıb ki, ev almış 54 nəfər gözlədiklərindən 2 dəfə çox (100 m2 və artıq) sahəyə malik mənzillərə sahib olublar. Budurmu ədalətli ev bölgüsü? AMEA-nın İşlər İdarəsinin müdir müavini Sərdar Əliyevin kütləvi informasiya vasitələrində dərc olunmuş sözlərinə görə,  “Evrostroy-S” MMC yeni inşa olunan yaşayış evlərindən AMEA-ya əvəzsiz olaraq ümumi sahəsi 8000 m2 -ə yaxın olan mənzillər ayırmağı öhdəsinə götürüb. Onun sözlərinə görə, bu mənzillərin çox hissəsi ayrılıb, qalanının isə yaxın vaxtlarda ayrılmasına tikinti şirkəti tərəfindən yazılı zəmanət verilib. Bu, bir daha onu sübut edir ki, ilk dəfə tikinti başlanmazdan əvvəl yataqxananın 118 sakini ilə tikinti şirkətinin razılaşdığı 65 m2 (118*65=7670 m2) mənzil sahəsi ayrılıb. Bəs bu halda sual olunur, nə üçün bu mənzil sahələri 65 m2-dan deyil, daha böyük sahə ilə 54 AMEA əməkdaşı arasında qeyri-bərabər bölüşdürülüb? AMEA-nın gizli planları olmasayadı hazırda heç bir mənzil qalmaqalı da baş verməzdi. Burada AMEA rəhbərliyinin mövqeyi hər birimiz üçün qaranlıqdır. Hazırda AMEA-nın indiki rəhbərliyi AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun vaxtilə imzaladığı qərarların üstündən xətt çəkir.

 

Bizlər, aspirantlar yataqxanasının hüquqları pozulmuş sakinləri, Azərbaycan Respublikasının vətəndaşı olaraq, 20-25 il əvvəl gənc mütəxəssis statusu ilə AMEA-ya işə qəbul edilmiş, yataqxanada yaşamaq məcburiyyətində qalmış, insan həyatının ən parlaq, çiçəklənən dövrlərini əhatə edən gənclik illərini yataqxana şəraitində keçirib. Hazırda 50-55 və daha artıq yaş həddinə çatmış alim ailələrinin mənzil almaq hüququnun nə üçün və hansı əsaslarla əlindən alındığını anlaya bilmirik. 

A.Əlizadə müsahibəsində bildirib ki, AMEA-nın mənzil növbəsində dayanan şəxslər var. Onun sözlərinə görə, hazırda yataqxanada yaşayan, lakin AMEA işçisi olmayan şəxslərə AMEA tərəfindən mənzil verilməyəcək: "Onların necə yerləşdiriləcəyini bilmirəm. Onlar akademiyada işləmədiklərindən AMEA heç bir yardım göstərə bilməz". Hörmətli akademikimizin nəzərinə bir daha çatdırmaq istəyirik ki, həmin insanların əksəriyyəti 20 və daha çox il bundan əvvəl aspirant və yaxud gənc mütəxəssis kimi həmin yataqxanada yerləşdiriliblər. Bu onların günahı deyil ki, AMEA-nın son illərdə həyata keçirdiyi islahatlar nəticəsində bir sıra institutlar ləğv edilib və həmin yataqxanada yaşayan bəzi AMEA işçiləri də ixtisar olunublar. Məgər AMEA öz büdcəsi hesabına mənzil tikintisi aparıb ki, indi həmin hazır olan binanı istədiyi AMEA işçisinə verir? Axı o mənzillərin məhz yataqxana sakinləri üçün tikilməsinə ölkə rəhbərliyinin xeyir-duası ilə icazə verilib. İndi AMEA çox böyük can-fəşanlıqla həmin mənzilləri neçə illərdən bəri ev növbəsində dayanan digər AMEA işçilərinə hansı əsaslarla verir? Bu ədalətsizlik prinsipidir,  hörmətli akademikimiz!!!  

Aspirantlar yataqxanasının hüquqları pozulmuş sakinləri!!!"


Çingiz Səfərli

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR