Ölkə 11:35 26.11.2020

ANS - belə bir kanalın açılmasına ehtiyac var... - Professor

"ANS kanalı peşəkar televiziya kimi yaddaşlarda qalıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun fikrincə, ANS maraqlı bir televiziya olub:
 
 

"Mən həmin kanalın bir çox verilişində iştirak etmişəm. ANS televiziyasının müəyyən xidmətləri olub. Amma bildiyimiz kimi, indi bağlanıb və fəlaiyyət göstərmir. Bu gün yüzlərlə televiziya açmaq imkanı var. Kim istəyirsə, aidiyyatı qurumlara müraciət edə bilər. Hər bir ölkədə yüzlərlə kanal var. Ona görə də bizdə kim istəsə, hüquqi qaydalara əməl etməklə televiziya aça bilər. ANS-in təsis olunması üçün hüquqi mexanizmlər var”.

Televiziya eksperti Qulu Məhərrəmli isə ANS-in tarixinin iki hissədən ibarət olduğunu deyir:

"Birinci fəlaiyyət göstərdikləri 15 il. Bu dövrdə ANS sözün həqiqi mənasında Azərbaycan televiziya tarixində yeni səhifə açmışdı. Dolğun və qərəzsiz xəbərlər verirdi. ANS qısa müddətdə gənclərin sevimli kanalına çevrilmişdi, radioları da gözəl çalışırdı. ANS televiziya jurnalistikasına yeni adlar bəxş elədi. Vahid Naxış, Seyfulla Mustafayev, Mir Şahin Ağayev, Sevil Nuruyeva, Qənirə Paşayeva, Qənirə Ataşova, Rasim Müzəffəroğli və s. 
 
 

İkinci dövr bağlanandan sonra fəlaiyyət göstərdiyi dövrdür. Bu ANS bir az fəqli, cəsarəti bir az azalmışdı, Amma bununla yanaşı alternativ sözün meydanı vardı. Yəni, digər televiziyaların toxumadığı mövzulara toxunurdular. Amma ANS-in bağlanması televiziya tarixində ciddi bir boşluq yaratdı. ANS-in açılmasına gəlincə, hesab edirəm ki, belə bir kanalın açılmasına ehtiyac var. Düzdür, bizim bütün televiziyalar məlumatları operativ verməyə çalışırlar. Amma burada nə görünmür? Əvvəkli ANS-də olduğu kimi Azərbaycan cəmiyyəti tam görünmür. Vəzifə sahibləri kamera qarşısında deyillər. Bu adamlar studiyada görünmürlər. Ona görə də belə bir kanalın açılmasına ehtiyac var. Vaxtı ilə ANS-də çalışan və yeni media ab-havası yaratmış bütün insanları təbrik edirəm”.

Qeyd edək ki, noyabrın 26-sı ANS telekanalının yarandığı gündür. Kanal ilk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxıb.

Bahar Rüstəmli