Ölkə 17:20 15.12.2017

"ANS-in bir əməkdaşı vardı, o deyib ki…" - Millət vəkili

"Biri deyir Azərbaycanda seçki martda keçiriləcək, biri deyir başqa vaxt keçiriləcək. Azərbaycanda seçkinin keçiriləcəyi ilə bağlı tarix, gün, ay bəllidir".

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov seçkilərlə bağlı səsləndirilən bəzi fikirlərə aydınlıq gətirərkən deyib.

"Vaxtilə ANS TV-nin əməkdaşı var idi, Sevinc Osmanqızı, indi ABŞ-da yaşayır. O deyib ki, martda prezident seçkiləri keçiriləcək və bu gün Milli Məclisin iclasında həmin məsələyə baxılacaq. Axı bu məsələ müzakirəyə çıxarılmır. Seçki Məcəlləsində göstəriş var ki, fəaliyyətdə olan prezidentin müddəti başa çatdıqdan sonra seçki oktyabrın 3-cü həftəsinin 3-cü günü keçiriləcək. Yəni seçkinin keçiriləcəyi tarix ayına və gününə qədər məlumdur. Əgər seçkinin keçiriləcəyi gün bayram gününə düşürsə, seçki həmin həftənin başqa gününə keçirilə bilər. Amma ayı dəyişmək olmaz”.

S.Novruzov deputat həmkarlarını və jurnalistləri bu məsələdə diqqətli olmağa çağırıb.

Millət vəkili bildirib ki, seçki təbliğatı zamanı ayrılan vəsaitin dövlət büdcəsindən birbaşa televiziya və mətbuata ayrılması doğru qərardır:

"Çünki minimal faizi toplamayanlar sonradan həmin vəsaiti geri qaytarmırdılar. Ümumilikdə hesab edirəm ki, Seçki Məcəlləsinə edilən dəyişikliklər məhdudiyyətləri aradan qaldırmağa xidmət edir. Çünki, xatırlayıram, bir vaxtlar 121.2-ci maddəni əsas tutaraq (prezident seçkisində yaşı 69-dan yuxarı olan şəxslərə qoyulan qadağa) Ümumilli liderin prezident seçilməsinə mane olmaq istəyirdilər. İndi isə nəinki yuxarı, aşağı yaş məhdudiyyəti də aradan qaldırılır. 18 yaşı tamam olan şəxs seçmək kimi, seçilmək hüququna malikdir”.