Dünya 20:27 09.09.2017

Antarktikada qeyri-adi canlılar yaşayır

Antarktikada buz təbəqəsinin altında yerləşən aktiv vulkanların isitdiyi mağaralarda aparılan araşdırmalar maraqlı iddialara səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, avstraliyalı alimlər Ross adasında yerləşən aktiv Erebus yanardağının ətrafının mağaralarla örtülü olduğunu aşkar edib. Mağaralardan əldə edilən torpaq nümunələrində qeyri-adi DNK izləri tapılıb. "Polar Biology" jurnalında dərc edilən araşdırmada bildirilir ki, mağaraların içindəki temperatur 25 dərəcəyə çatır. Nümunələrdə rast gəlinən izlərin Antarktikanın digər hissəsində olan bitki və canlı izlərinə bənzədiyi, bir qisminin isə elmə tanış olmadığı deyilir. 

Araşdırma qrupunda yer alan Yeni Zellandiyalı Waikato Universitetinin professoru Kreyq Kari qeyd edib ki, son araşdırma nəticəsində məlum olub ki, Antarktikada bizə məlum olmayan bitki və heyvanlar yaşaya bilər. 

Maine Universitetinin professoru Louri Konnel isə izlərin mövcudluğunun bu canlıların yaşadığının sübutu olmadığını bildirib və qeyd edib ki, sonrakı addım mağaralarda canlı orqanizmlər axtarmaq olacaq və əgər tapılsa, fərqli bir dünyanın qapısı üzümüzə açılacaq.

Gülşən

Qaynarinfo.Az