Ölkə 09:42 04.06.2019

APA informasiya agentliyi yenidən açıldı

Ötən ilin avqustunda fəaliyyəti dayandırılan APA informasiya agentliyi bu gündən işini bərpa edib. Modern.az xəbər verir ki, bu barədə agentliyin əməkdaşları məlumat yayıblar.

Qaynarinfo xəbər verir ki, Modern.az-a verilən məlumata görə, APA və ONA bir-birindən ayrı fəaliyyət göstərəcək:

"APA əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Fəaliyyətini bərpa etmiş agentliyin yeni fəaliyyətə başlayan ONA ilə bağlılığı yoxdur. APA-ya da rəhbərlik Vüsalə Mahirqızına tapşırılıb”. 

"APA” informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərirdi. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holding” təsis olunmuşdu. Holdingə Azəri Press Agentliyi, "Lent.az” İnformasiya Agentliyi MMC, "Vesti.az” İnformasiya Agentliyi MMC, "APASport.az” İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR” MMC, "APA SERVİS” MMC daxil 
idi. 2018-ci ilin avqustunda holdinqin işi dayandırılıb.

Bu ilin fevral ayında isə Vüsalə Mahirqızının rəhbərliyilə  Onlayn Agentliyinin (Online News Agency - ONA) fəaliyyətə başlayıb.