Sənət 17:51 24.07.2018

Aqşin Yeniseydən yeni roman: Nəşriyyatla müqavilə imzalandı

Yazıçı, şair Aqşin Yenisey yeni "Tarix və tale” romanının nəşrinə hazırlaşır. Bunun üçün artıq "TEAS PRESS” Nəşriyyat evi ilə yazıçı arasında müqavilə də imzalanıb.

Qaynarinfo kult.az-a istinadla xəbər verir ki, Aqşin Yeniseyin "Tarix və tale” romanı əsasən Azərbaycanın müstəqillik illərini əhatə edir.

Romanda iki paralel süjet xətti mövcuddur. Birinci süjet xəttində Azərbaycanda tarixi hadisə olan ölüm hökmünün ləğvi və bu hökmlə cəzalandırılımış son məhbusların həbsxana həyatı, ikinci süjet xəttində isə imperiya əsarəti illərində məişət darısqallığına sıxışdırılan, daim bu darısqallıqdan çıxış yolu axtaran, tapa bilmədikdə bir-birini suçlayan, azadlığı yalnız bir-birilərini əzməkdə görən ər-arvadlardan ibarət minlərlə azərbaycanlı ailədən birinin ailə münasibətləri yer alır. Hər iki süjet xətti real həyat hadisələrinə əsaslanır, bu hadisələr müəllif təxəyyülünün əlavələri ilə təqdim edilir. Müəllif bu romanında ölkənin tarixi ilə o ölkə sakinlərinin taleyi arasındakı münasibətləri, ziddiyyətli və oxşar məqamları, tarixin nə zaman taleyə, taleyin hansı anda tarixə çevrilməsi prosesini işıqlandırmağa cəhd göstərib.

Aqşin Yenisey yeni əsəri haqda danışarkən bildirib ki, indiyədək Azərbaycanda üçü şeir, ikisi nəsr əsəri olmaqla beş kitabının nəşr olunmasına baxmayaraq, ilk dəfədir dünya nəşriyyat bazarında olduğu kimi kitabı naşirlə yazılı şəkildə imzaladığı müqavilə əsasında çıxacaq: "Bu, Azərbaycanda bütün ədəbi mühitin çoxdan arzuladığı və gözlədiyi bir hadisədir. Bu dünya standartının Azərbaycana gətirilməsi çox sevindiricidir”.

Roman hazırlıqlı oxucular üçün nəzərdə tutulub. Ənənəvi romançılıqdan uzaq olan dildə və üslubda yazılıb. Kitabın nəşri sentyabr ayına planlaşdırılır.