Sağlamlıq 15:07 18.12.2019

AQTA: Palma yağlarının insan orqanizmi üçün təhlükəli olmasının elmi əsası yoxdur

"Son dövrlər palma yağları ilə bağlı cəmiyyətdə əsassız olaraq mənfi rəy formalaşdırılıb və bu yağların insan orqanizmi üçün təhlükəli olması ilə bağlı heç bir elmi əsası olmayan məlumatlar paylaşılır. Hətta özünü cəmiyyətə ekspert kimi təqdim edən şəxslər belə heç bir araşdırma aparmadan palma yağlarının ərimə temperaturunun 70 Selsi dərəcədən artıq olduğu və insan orqanizmi tərəfindən həzm edilə bilmədiyi kimi cəfəng məlumatlar paylaşaraq əhali arasında çaşqınlıq yaradırlar".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib.

Onun sözlərinə görə, bəzi xəbər saytları insanların bu sahəyə marağından istifadə edərək ucuz reytinq əldə etmək üçün heç bir elmi əsası olmayan, təhrif edilmiş məlumatlar yayırlar: "Özünü KİV adlandıraraq oxucuların məsələyə həssaslığında istifadə edən media nümayəndələrini bu status oxumağa və "palma yağı zərərlidir” başlıqlı yazıları ilə yalnız öz oxucularını aldatdıqlarını nəzərlərinə çatdırmaq istəyirəm. Hazırda dünyanın istənilən ölkəsində market rəflərindəki yüzlərlə məhsulun tərkibində palma meyvəsindən əldə olunan yağlardan istifadə edilir. Son 20 il ərzində dünyada bu yağlarının istifadəsinin geniş yayılma səbəblərindən biri insan sağlamlığı üçün risk təşkil edən trans yağ turşuları ilə bağlı normaların qəbul edilməsidir. Hansı ki, palma yağlarının tərkibində sözügedən yağ turşuları yoxdur. Palma yağları ilə bağlı mübahisələrin mənbəyi isə Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) 2016-cı ildə bitki yağları ilə bağlı apardığı tədqiqatdır. Sözügedən tədqiqat nəticəsində EFSA bütün növ bitki yağlarının rafinasiya prosesi zamanı gündəlik normadan artıq qəbul edildikdə insan həyat və sağlamlığı üçün təhlükə yarada biləcək 2 növ maddənin (3-MCPD, Glycidil yağ efirləri) yarandığını müəyyən edib. Qurum həmin maddələr üçün gündəlik istifadə normasını müəyyənləşdirərək risk dəyərləndirmə fəaliyyətini həyata keçirib. Tədqiqat nəticələrində palma yağlarının rafinasiya prosesi zamanı (qoxu alma mərhələsində) 200 Selsi dərəcədən artıq temperatura məruz qaldıqda sözügedən maddələrin digər bitki yağlarına nisbətdə daha çox yaranma ehtimalı olduğu qeyd edilib. Göründüyü kimi, bu tədqiqat bütün növ bitki yağlarını əhatə edir və bitki yağlarının istehsal prosesi zamanı yaranan müəyyən maddələrin gündəlik normaları ilə bağlı tövsiyələri əks etdirir".

Sektor müdiri bildirib ki, heç bir elmi əsası olmayan tədqiqatın nəticələri açıqlandıqdan sonra xarici mətbuatda yanlış təhlil edilərək "palma yağları zərərlidir” kimi mətbuata ayaq açıb: "Qeyd edilən risklərin idarə edilməsi məqsədilə Avropa Komissiyası 26 fevral 2018 ci ildə "Qida məhsullarında müəyyən çirkləndiricilərin maksimum səviyyəsinin təyin edilməsi” üzrə Təlimata əlavələr edərək qida məhsullarında Glycidil yağ efirlərinin gündəlik istifadə normasını orta yaşlı şəxslər üçün bədən çəkisinin hər kiloqramına 1000 mikroqram, uşaqlar üçün isə 500 mikroqram müəyyən edib. EFSA 2017-ci ildə isə 3-MCPD ilə bağlı gündəlik istifadə norması ilə bağlı tövsiyyəsində dəyişiklik edərək insan çəkisinin hər kiloqramı üçün 0.8 mikroqram olan dəyəri 2 mikroqram səviyyəsinə yüksəldib. Bir daha qeyd edim ki, adıçəkilən maddələr təkcə palma yağlarında deyil digər bütün növ bitki yağlarının rafinasiya prosesi zamanı yaranır və palma yağlarında istehsal şərtlərindən asılı olaraq yaranma ehtimallarının daha çox olması sözügedən tənzimləmə fəaliyyətinin predmeti deyil. Qida təhlükəsizliyi olduqca həssas sahədir və bu kimi ciddi mövzularda bəyanat səsləndirən hörmətli ekspertərimizdən, media nümayəndələrindən xahiş edirəm ki, elmi əsası olmayan məlumatlar yayaraq vətəndaşlar arasında çaşqınlıq yaratmasınlar".