Siyasət 10:39 28.01.2022

Mirzoyan Ankara və Bakı ilə danışıqlardan danışdı: “Yalanlarla yaşadığımız yetər”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 44 günlük müharibəni böyük özünü aldatmanın nəticəsi hesab edir. 

Qaynarinfo xəbər verir ki, o bu barədə "Yerablur” hərbi panteonunda jurnalistlərə müsahibəsində bildirib.

"Yalanla yaşadığımız yetər. Başımıza gələn fəlakət böyük bir özünü aldatmanın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır", - Mirzoyan bildirib.

O, əlavə edib ki, müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı tənqidinə cavab vermək istəmir. Nazir 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparıldığını, lakin bu barədə cəmiyyətə məlumat verilmədiyinin necə ortaya çıxdığını izah etməyi xahiş edib.

"Mən parlamentdə və digər mövqelərdə gedən danışıqlar haqda hər şeyi deyirəm”, - XİN rəhbəri bildirib.

Jurnalistlərin "hərbçilərin ölümündə günahkar olan ölkələrlə necə danışıqlar aparmaq olar” sualına Mirzoyan cavab verib ki, müzakirə edilməli olan çoxlu məsələlər var.

"Təbii ki, keçilməz ümummilli qırmızı xətlər var, lakin təəssüf ki, biz qonşu ölkə ilə uzunmüddətli münaqişə yaşayan ilk və sonuncu dövlət deyilik. Biz uzunmüddətli və sabit sülhə sadiqik”, - deyə nazir yekunlaşdırıb.

Ermənistan yanvarın 28-də ordunun 30 illiyini qeyd edir. Ermənistanda rəsmi bayramlar təqvimində "Ordu günü” 2001-ci ildə üzə çıxıb. 2001-ci il yanvarın 6-da Ermənistanın ikinci prezidenti Robert Köçəryan "Ermənistan Respublikasının bayramları və yaddaqalan günləri haqqında” qanunu imzalayıb. 2002-ci ildə Ermənistan Milli Assambleyası "Bayramlar və anım tarixləri haqqında” qanuna əlavələr qəbul edib, ona görə Milli Ordu Günü qeyri-iş günü olub.
 
Alpər