Ölkə 16:38 17.10.2017

«ARAZ» və «Favorit» marketləri bu səbəblərdən birləşdi

"Araz" supermarketlər və "Favorit" marketlərinin birləşməsini zəruri edən səbəblər açıqlanıb.

"APA-Economics"in sorğusuna cavab olaraq "Araz", "Spar", "Oba" marketlər şəbəkələrinin daxil olduğu "Veysəloğlu" şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə bildirib ki, hər iki market xidmət sektoruna aid olub, ölkə əhalisinin pərakəndə ticarət sektorunda gündəlik tələbat malları ilə təminatını həyata keçirən, geniş müştəri bazasına malik olan supermarket şəbəkələridir: "İnkişaf etmiş ölkələrdə marketlərin şəbəkələşməsi biznesin inkişafı üçün ən önəmli addımlardan və göstəricilərdən biridir. Biz bunu Avropanın müxtəlif ölkələrində - Almaniya, Fransa, Norveç, Hollandiya, İspaniya, baltikyanı və digər ölkələrdə daha aydın görə bilərik. Bu ölkələrdə marketlərin şəbəkələşməsi ümumi pərakəndə bazarının 90-95% hissəsini tutur. Türkiyədə bu göstərici 55-60%, Rusiyada 55%-ə qədərdir. Bir sözlə pərakəndə sektorda şəbəkələşməni ölkə iqtisadiyyatının bir indikatoru kimi dəyərləndirmək olar. Şəbəkələşmə fəaliyyəti dönəmində müxtəlif cür özünü göstərir. Məsələn yeni marketlərin fəaliyyətə başlaması və sayının sürətlə artması, yaxud mövcud marketlər birləşərək daha böyük marketlər şəbəkəsinin yaranması".

Şirkətlər qrupunun rəsmisi qeyd edib ki, ölkənin inkişafı pərakəndə sektorda şəbəkələşmə inkişafından çox asılıdır: "Azərbaycanda pərakəndə sektorun təqribən 27%-i şəbəkə marketlərin payına düşür. Bu gün fəaliyyət göstərən marketlərin şəbəkələşməsi çox aşağıdır. Yəni marketlər şəbəkəsinə daxil olan filialların sayı bəzən heç 10-a çatmır. Şəbəkə marketlərin sayı çoxaldıqca məhsulların alış qiymətinin maya dəyəri daha da azalır. Çünki topdan şəkildə məhsul tədarük edən zaman qiymət endirimləri daha çox olur. Bunun əsas səbəbi çatdırılmanın bir nöqtəyə edilməsi və dağıtımın vahid mərkəzdən idarə olunmasıdır. Bunun üçün isə yaxşı və peşəkar səviyyədə təşkil olunmuş logistika mərkəzi və standartlara cavab verən anbar sistemi gərəkdir".

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı inkişaf edən zaman şəbəkələşmə qaçılmazdır, lakin bu proses orta və kiçik marketlərin - məhəllə marketləri, baqqallar, "discount" marketlər və sairlərinin inkişafına və fəaliyyətinə mane törətmir. "Çünki hər bir marketin öz alıcı kütləsi mövcuddur. Qeyd edim ki, şəbəkələşmə prosesi xırda və orta sahibkarlığın inkişafına təkan verir, onların işini daha da rahatlaşdırır. Təsəvvür edin ki, istehsalçı bir mərkəzə məhsul verməklə yüzlərlə marketdə məhsulunun satışını təmin etmiş olur. İstehsalçı əlavə çatdırılma və distributor xərclərindən azad olur və yalnız istehsalla məşğul olaraq məhsulunun keyfiyyətli olmasına fokuslanır. Bu zaman istehsalçı və ya fermer yalnız öz işi ilə məşğul olacaq, daşınma, çatdırılma, saxlanma və ümumilikdə logistika xidmətlərinə əlavə vaxt sərf etməyəcək", - deyə İ. Məmmədzadə izah edib.

Birləşmənin idarə olunmasına gəlincə, o bildirib ki, "Araz" ilə "Favorit" şəbəkəsinin birləşməsi hər hansı bir marketin satın alınması yox, birgə fəaliyyət anlamına gəlir: "Yəni burda iki şəbəkənin mərkəzdən idarə olunması əsas amil kimi götürülüb. Bunun üçün isə hər iki şəbəkənin komandasından ibarət vahid bir mərkəz formalaşdırılacaq. Bu birləşmə mövcud hüquqi şəxslərin birləşməsidir. Eyni zamanda vahid logistika xidməti olacaq".

İ. Məmmədzadə əlavə edib ki, mövcud halda rebrendinqin aparılmasına ehtiyac yoxdur. "Çünki bu gün hər iki marketin öz alıcısı, öz müştərisi var. Hər iki marketin məhsul portfelində də fərqlər mövcuddur. Buna görə də rebrendinq bu birləşmənin tələbi deyil. Yəni rebrendinq gözlənilmir. Hazırkı dönəmdə hər iki market öz adı ilə fəaliyyət göstərəcək. Yeni market açılan zaman da hansı adla fəaliyyət göstərməsi bazar araşdırmasından sonra ortaq qərarla müəyyənləşəcək. Bundan başqa, hər hansı "Araz" marketin adı və ya "Favorit" marketin adı digəri ilə əvəzlənə bilər. Bu, bazarın tələbi ilə formalaşacaq".

Şirkətlər qrupunun rəsmisi deyib ki, investisiya yatırımı hər iki sahibkarın qərarı ilə baş tutacaq: "Biznesə yatırılacaq investisiyalar müxtəlif yerlərdən maliyyələşə bilər. Məsələn, sahibkarlar öz qazanclarını yeni marketlərin açılmasına yatıra bilər. Və ya kənar maliyyə təşkilatlarından investisiyalar cəlb oluna bilər. Ümumi olaraq qeyd edim ki, "Araz" şəbəkəsinin bir hədəfi, bir inkişaf planı var. Bu gün də şirkət bu plan üzrə hərəkət edir və yeni "Araz" supermarketlər şəbəkəsinin açılması planlaşdırılıb. Eyni zamanda, tələbə uyğun olaraq yeni "Favorit" filialları da açıla bilər. Bu, bir marketinq siyasətidir və bazarda tələbatdan asılıdır. Tələb harada və kimədirsə, təklif də ona uyğun yaradılacaq".

Qiymətlərin hansı marketə uyğun tənzimlənməsinə gəlincə, o bildirib ki, bu gün pərakəndə sektorunda qiyməti bazar formalaşdırır və hər iki marketin öz qiymət siyasəti var: "Qiymətlər də bu siyasətə əsasən, bazarın tələblərinə uyğun formalaşdırılacaq".

Qaynarinfo.Az