Video 12:20 04.06.2018

“ARB Kəpəz” 25 yaşında (VİDEO)

"ARB Media Qrup”un tərkibinə daxil olan "ARB Kəpəz” televiziyasının fəaliyyətə başlamasından 25 il ötür.

1993-cü ilin yayında regionun "Kəpəz” adlı ilk güzgüsü Gəncədən göstərməyə başlayıb. O vədədən bu çağa nə az, nə çox 25 il keçib. Amma bu təkcə təqvimin günləri deyil. Əsrin 1/4-i qədər yaşı olan "ARB Kəpəz” bir çox ilkləri geridə qoyub.

Regionların sosial, siyasi, iqtisadi, mədəni və idman sahələrində baş verən ən son xəbərləri daha dolğun və daha operativ şəkildə çatdırılmasında "ARB Kəpəz”in xidməti əvəzsiz olub. Kanal əməkdaşları ölkəmizin ikinci böyük şəhəri Gəncəmizdən, geniş miqyasda isə Qərb bölgəsindən xəbər hazırlamağı vətən qarşısında peşə borcu hesab edib. "Gəncə adlı səlnamə” tarixi və silsilə verilişinin istehsalı ilə ilk dəfə olaraq, qədim Gəncənin 44 məhəlləsinin dünəni, bu günü, keçdiyi tarixi yolun videoensiklopediyası hazırlanıb.



"ARB Kəpəz” Azərbaycanda avtomatlaşdırılmış teleyayıma keçməklə, daha bir ilkə imza atıb. Regionun ilk görünəni, "Kəpəz FM” radiosu ilə həm də ilk eşidiləni olub... İlklərlə dalğalanmaqda yenə davam edib. Televiziyanın ən təqdirəlayiq işlərindən biri də, bu sahədə ilk dəfə olaraq, "ASAN” xidmət könüllüləri ilə əməkdaşlıq olub. Könüllü gənclərə "Master 1” və "Master 2” layihələri çərçivəsində televiziya dünyası ilə yaxından tanış olmaq, təcrübə keçmək və hətta işlə təmin olunmaq şansı verilib. Bu şansdan yararlananlar isə bu gün artıq kanalın əməkdaşlarıdır.

Bir sözlə, "ARB Kəpəz” sadəcə televiziya olmayıb, həm də bu sahənin məktəbinə çevrilib. Hələ də mövqe və hədəf dəyişilməyib. Daha çox göstərmək, daha çox öyrətmək və daha çox öyrənmək. Elə dəyişilməz mövqenin nəticəsidir ki, kiçik bir otaqdan yayıma başlayan televiziyanın bugünki şəraiti ölkənin ən yaxşılarındandır. "Zirvənin fəthi” devizi demək ki, düşərli oldu... Biz ilklərlə dolu 25 illik tarix yazdıq və qarşıdakı yazılacaq tarix də ilklərin məcmusu olacaq...