Siyasət 12:56 09.04.2019

Arif Hacılı Avropa İttifaqı ilə sazişdən nə gözləyir? (RƏY)

Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında saziş bağlanması ilə əlaqədar müzakirələr sona yaxınlaşır. Qeyd edək ki, sazişdə insan haqları, iqtisadi, mədəni əlaqələr, regional təhlükəsizlik və digər məsələlərin yer alacağı gözlənilir.  

Məsələ ilə bağlı fikirlərini bölüşən Müsavat Partiyasının başqanı Arif Hacılı vurğulayır ki, Aİ ilə Azərbaycan arasında bağlanacaq saziş Avropa Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələrlə bağlanılan sazişlərlə oxşar olsa da, bir sıra fərqli cəhətlər də var. Onun sözlərinə görə, bu saziş layihəsi Aİ-nin bundan əvvəlki ənənəsindən fərqli olaraq Aİ tərəfindən deyil, Azərbaycan tərəfində hazırlanıb. "Buradan o nəticəyə gəlmək olar ki, siyasi, insan haqları və demokratiyaya aid olsan məsələlər mümkün qədər məhdudlaşdırılıb. Sazişlə bağlı müzakirələr xalqın xəbəri olmadan qapalı aparılır. Yeri gəlmişkən bizim bu müzakirələrin şəffaflığı üçün zamanında etdiyimiz bütün cəhdlər nəticə vermədi”.

Arif Hacılı bildirib ki, Avropa Parlamentinin bəzi üzvləri, Aİ-nin nümayəndələri ilə apardıqları müzakirələrdən onlara aydın olub ki, sazişin bağlanmasını ləngidən yalnız siyasi deyil, həm də iqtisadi məsələlərdir. "Azərbaycanın Beynəlxalq Ticarət Mərkəzinə daxil olmaması Aİ ilə Azərbaycanın iqtisadi inteqrasiyası üçün ciddi problemlər yaradır. Təəssüf ki, bu ziddiyyətlərin necə həll olunduğu barədə də məlumat verilmir”.

Müsavat başqanı narahatlıqlarını da dilə gətirib. O qeyd edib ki, Aİ- nin Azərbaycanla apardığı müzakirələr faydalı olsa bu müzakirələrin nəticəsində ortaya çıxacaq sənədin mahiyyəti barədə narahatlıq üçün ciddi əsaslar var. "Aİ ilə saziş Azərbaycanda indi mövcud olan faktiki vəziyyətin davam etməsinə şərait yaratmamalı, əksinə xalqımızın hüquqi dövlət, demokratik cəmiyyət qurucuıuğu uğrunda apardığı mübarizəyə təkan verən hadisəyə çevrilməlidir. Azərbaycan xalının indiki və gələcək nəsillərinə vacib olan bu sazişlə bağlı müzakirələrin şəffaflığı təmin olunmalı, bu mövzuda geniş ictimai diskussiyaların təşkil edilməsinə nail olmaq üçün səylər artırılmalıdır”.