Sağlamlıq 11:24 03.07.2020

Artıq xəstəlik az qala hər ailənin qapısını döyür... - Professor

"Elan olunan karantin şərtlərinə düzgün əməl olunmur".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla karantin şərtlərinin daha da sərtləşdirilməsindən danışarkən deyib. Onun fikrincə, əsas olan vətəndaşların deyilən şərtlərə əməl etməsidir:

"Əslində karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac var. Amma bu qaydalara nə dərəcədə əməl edilir?  Bunun cavabı çox önəmlidir. Bu iki həftədə hərə əlinə bir arayiş alıb rayonlara üz tutdu, eləcə də rayonlardan Bakıya gələnlərin ardı-arası kəsilmədi. Yəni, elan olunan karantin şərtlərinə düzgün əməl olunmur. Ortada əziyət çəkən isə xalqdır. Xeyli insan evdə qalmaqdan bezib".

Professor hesab edir ki, ən vacibi karantinin formasını tapmaq və maarifləndirici tədbirlər görməkdir:

"İnsanlar yavaş-yavaş anlayır, başa düşür ki, xəstə sayı artır, xəstəlik hər ailənin qapısını döyür. İnsanlar xəstəliyinin ciddiliyini anladıqca qorunmağa üstünlük verir. Hər halda maarifləndirici tədbirlər görülməlidir".

Bahar Rüstəmli